AMEA İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri İradə Ələkbərova V Bakı Beynəlxalq Humanitar Forumunun “Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu” adlı “dəyirmi masa”sında çıxış edib. O, “Müasir cəmiyyətin çağırışları kontekstində virtual jurnalistikanın əhəmiyyəti və sosial şəbəkələrin rolu” panelində “Vikipediya manipulyativ sosial media vasitəsi kimi” mövzusunda məruzəsini təqdim edib.
Viki-texnologiyaları ilə yaradılmış Vikipediya virtual ensiklopediyasının sosial medianın əsas vasitələrindən biri olduğunu diqqətə çatdıran İ.Ələkbərova bildirib ki, bu ensiklopediya hər bir İnternet istifadəçisinə brauzerdən çıxmadan istədiyi mövzuda veb-səhifə yaratmaq, dəyişdirmək və bu səhifələrə müxtəlif formatlı fayllar yükləməyə imkan verir.
Viki-texnologiyalar istifadəçilərə sosial şəbəkələrin imkanlarını təqdim etməklə cəmiyyətdə yeni sosial münasibətlərin yaranmasına səbəb olur. Həmçinin, müxtəlif ideologiyaların təbliğində, dezinformasiyanın ötürülməsində böyük rol oynayır.
“Google” kimi nəhəng axtarış sisteminin biliklər bazası olan Vikipediyanı dəstəklədiyini və istənilən informasiya axtarışında ilk olaraq Vikipediyadakı məlumatı oxucuya təqdim etdiyini vurğulayan məruzəçi bu gün vətəndaşların informasiya tələbatlarında bu ensiklopediyanın əsas rol oynadığını qeyd edib.
“Vikipediya vətəndaşların, əsasən də gənclərin dünya görüşünü formalaşdıran strateji İnternet-resursdur”, - deyə bildirən İ.Ələkbərova burada yer alan məqalələrin müəyyən qruplar tərəfindən nəzarətdə saxlanıldığının heç kimə sir olmadığını deyib: “Müşahidələr göstərir ki, Vikipediyada “Hər kəs istədiyi məlumatı yerləşdirə və dəyişdirə bilər” prinsipi heç də həmişə özünü doğrultmur”.
Məruzəçinin sözlərinə görə, Vikipediya ictimai rəyin formalaşmasına və dəyişdirilməsinə səbəb olacaq qədər geniş imkanlara malikdir. Faktiki olaraq, bu resurs vasitəsilə dövlətlərin suverenliyinə, xalqların milli-mənəvi dəyərlərinə, tarixinə, dilinə təcavüz edilir. Buna baxmayaraq nə Vikipediya üzvləri, nə də Vikipediya Fondu viki-kontentlə bağlı heç bir hüquqi məsuliyyət daşımır.
İ.Ələkbərova qeyd edib ki, Vikipediya kimi nəhəng məlumat bazasının iş prinsipi, orada fəaliyyət göstərən qrupların davranışı bu şəbəkənin ciddi öyrənilməsinə ehtiyac olduğunu sübut edir. Bu mənbədən istifadə edərək cəmiyyətə informasiya təsiri göstərməklə insanları dövlətə, milli dəyərlər qarşı qaldırmaq, xalqın tarixinə ləkə vurmaq, iqtisadiyyatına zərbə vurmaq müəyyən qrupların əsas məqsədidir. Dövlətə qarşı təhlükələrin qarşısını almaq üçün bu gün sosial mediada baş verən hadisələrin mexanizmini araşdırmaq olduqca zəruridir.
Paneldə, həmçinin Türkiyənin Anadolu Agentliyinin informasiya-kommunikasiyaları texnologiyaları şöbəsinin müdiri Yakup Şıvka, ABŞ-ın Mədəniyyət Diplomatiyası Assosiasiyasının sədri Diana Altman, Misirin “Ruz el-Yusif” qəzetinin müxbiri Ahmed Tarabeik, Bakı Dövlət Universitetinin televiziya və radio jurnalistikası kafedrasının müdiri Aynur Kərimova, Bakı Slavyan Universitetinin jurnalistika kafedrasının müdiri Şəlalə Həsənova və digərləri çıxış ediblər.
Mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırlıb.