İyulun 19-da AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, dosent Əlövsət Əliyev Azərbaycan Dövlət Televiziyasının “Səhər” informasiya proqramının qonağı olub. O, institutda informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemləri istiqamətində aparılan elmi tədqiqatlar haqqında ətraflı məlumat verib.
Beynəlxalq tendensiyalara müvafiq olaraq dayanıqlı inkişafın təmini kimi “yaşıl” iqtisadiyyatın və cəmiyyətin formalaşması problemlərindən söz açan Ə.Əliyev internetin və informasiya-kommunikasiya texnologiyalarının (İKT) bu prosesə müsbət təsirindən danışıb. Təbii resurslardan səmərəli istifadə sahəsində İKT-nin hərəkətverici vasitə olduğuna, internetin katalizator tipli roluna diqqəti yönəldib.
Şöbə müdiri beynəlxalq təşkilatların çağırışlarına uyğun olaraq sənaye və məişət sahəsində olan tullantıların əsas tərkib hissəsi kimi elektron tullantıların utilizasiyası və zərərsizləşdirilməsi probleminin aktuallığını önə çəkib. O, e-tullantı (e-waste) probleminin mahiyyətini, onun sosial-iqtisadi aspektlərini və idarəetmə məsələlərini təhlil edib. Bildirib ki, institutda qeyd edilən sahə üzrə müvafiq araşdırmalar aparılır. Daha sonra Ə.Əliyev e-dövlət mühitində audio-video informasiya sahəsində elektron xidmətlərin formalaşması konsepsiyası üzrə müvafiq elmi-tədqiqat işlərinin mahiyyəti, məqsədi, tətbiqi məsələləri, təklif olunmuş alqoritmlər və proqram vasitələri barədə məlumat verib.
Ə.Əliyev həmçinin qeyri-neft sektorunun inkişafı istiqamətində proqram təminatı vasitələri və məhsullarının işlənilməsi və bu sahənin inkişaf perspektivlərindən söz açıb.
Verilişi buradan izləyə bilərsiniz.