Ölkə elminin inkişafında mühüm xidmətləri olan tanınmış alim, Azərbaycanın ilk informatiki, Əməkdar elm xadimi, SSRİ Dövlət mükafatı laureatı, akademik İsmayıl İbrahimov 2016-cı il iyulun 16-da 101 yaşında vəfat etmişdir.
İsmayıl Əli oğlu İbrahimov 1915-ci il dekabrın 31-də Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur. 1941-ci ildə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunu “Nəzarət-ölçü cihazları və avtomatika” ixtisası üzrə bitirən İsmayıl İbrahimov bu sahədə ilk ali təhsilli azərbaycanlı mühəndis olmuşdur.
Təhsilini başa vurduqdan sonra o, Azərenerji Mərkəzi İstehsalat-Tədqiqat laboratoriyasında böyük mühəndis vəzifəsində işlə təmin edilmiş, eyni zamanda Azərbaycan Sənaye İnstitutunda ixtisasartırma kursunda müəllim kimi çalışmışdır. Lakin İkinci Dünya müharibəsinin başlanması ilə onun sovet ordusu sıralarında xidməti başlamışdır. İl yarımlıq müddət ərzində o, taqım komandiri vəzifəsindən əlahiddə batalyon komandirliyinə qədər yüksəlmişdir. Müharibənin axırınadək cəbhədə olan İsmayıl İbrahimov 77-ci Azərbaycan alayının tərkibində xidmət etmişdir. Müharibə başa çatdıqdan sonra 1946-cı ildə zabit kimi Sovet Ordusu sıralarından təxris olunmuş və doğma təhsil ocağına – Azərbaycan Sənaye İnstitutuna qayıtmışdır.
İsmayıl İbrahimov Sənaye İnstitutuna qayıtdıqdan sonra müəllimliklə yanaşı, kollektivin ictimai-siyasi həyatında da fəal iştirak etmişdir. O, 1946-cı ildə ilk partiya təşkilatı katibinin müavini, 1947-1950-ci illərdə institut partiya komitəsi katibinin müavini və 1950-1952, 1954-1959-cu illərdə institut partiya komitəsinin katibi vəzifələrində çalışmışdır. Bu illər ərzində böyük elmi-pedaqoji və ictimai-siyasi iş aparan İ.İbrahimov ali təhsilin təşkilatçısı kimi də formalaşmışdır. 1960-cı ildə o, M.Əzizbəyov adına Neft və Kimya İnstitutunun rektoru təyin olunmuşdur.
İ.İbrahimovun rektor kimi məqsədyönlü fəaliyyəti dövründə SSRİ miqyasında ilk dəfə olaraq ali məktəb təcrübəsində neft və neft-kimya təmayüllü ali məktəblərarası Elmi-Metodik Şura yaradılmış və İ.İbrahimov 1961-ci ildən 1988-ci ilədək həmin şuraya sədrlik etmişdir.
Akademik həmçinin keçmiş SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyi Elmi-Texniki Şurasının neft bölməsinin üzvü, SSRİ Ali məktəb “Elmi xəbərləri”nin və “Neft və Qaz” ümumittifaq jurnalının baş redaktoru olmuşdur. İqtisadi riyazi üsulların və EHM-in tətbiqi əsasında xalq təsərrüfatının idarə edilməsi üzrə komissiyanın sədri kimi İ.İbrahimov xalq təsərrüfatının kompüterləşdirilməsinin əsasını qoymuşdur.
1968-ci ildə İsmayıl İbrahimov “Neft emalı və neft-kimya proseslərinin avtomatik nəzarət, tənzimlənmə və idarə olunması” mövzusunda dissertasiya işini müdafiə edərək texnika elmləri doktoru elmi dərəcəsini almış və elə həmin ildə Azərbaycan EA-nın müxbir üzvü seçilmişdir.
İ.İbrahimov 1970-1978-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışmış və respublikada elektron, radio və cihazqayırma sahələri üzrə istehsalat müəssisələrinin və yeni elmi-tədqiqat institutlarının yaradılmasında fəal iştirak etmişdir.
O, sonrakı illərdə (1978-1988) Azərbaycan Neft və Kimya İnstitutunun yenidən rektoru işləyərkən bu sahədə yüksəkixtisaslı kadrların hazırlanmasına xüsusi diqqət yetirimişdir. 1981-ci ildə alimə Azərbaycan Respublikasının Əməkdar elm xadimi adı verilmişdir.
1983-cü ildə akademik bir qrup alim və mütəxəssislə birlikdə “İstehsalatın səmərəliyini yüksəltmək üçün idarəetmə və informasiya sistemlərinin hazırlanması və tətbiqi” adlı işə görə elm və texnika sahəsində SSRİ Dövlət mükafatına layiq görülmüşdür. 1986-cı ildə isə ona Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir.
Alimin rəhbərliyi altında informasiyanın qıtlığı şəraitində iritonnajlı etilen istehsalatının riyazi modelləri və operativ idarə edilməsi ilə əlaqədar tədqiqatlar aparılmış, determenik və qeyri-səlis şəraitdə işləyən qeyri-stasionar reaktor kompleksinin operativ planlaşdırılmasının və optimal idarə edilməsinin riyazi modellər kompleksi işlənib hazırlanmışdır.
Görkəmli tədqiqatçı 200-dən artıq elmi əsərin, o cümlədən 20-dən artıq monoqrafiya, dərslik, elmi-metodiki və tarixi kitabların müəllifi olmuşdur. Onun rəhbərliyi altında çoxlu sayda elmlər namizədi və doktoru hazırlanmışdır.
İ.İbrahimov 1980-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.
Akademik İsmayıl İbrahimov elmdə əldə etdiyi nailiyyətləri və elmi kadrların hazırlanması sahəsindəki xidmətlərinə görə saysız-hesabsız Fəxri Fərman, orden və mükafatlarla təltif edilmişdir. O, Azərbaycan Respublikası, SSRİ, Rusiya Federasiyası və bir sıra digər xarici dövlətlərin 40-dan artıq orden, medal və mükafatına layiq görülmüşdür. 2005-ci ildə Azərbaycan Respublikasının sosial, ictimai və mədəni həyatında böyük xidmətlərinə görə ona Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilmişdir. 2015-ci ildə isə AMEA-nın 70 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının “Şərəf” ordeni ilə təltif edilmişdir.
1988-ci ildən Azərbaycan Uşaq Fondunun sədri, Uşaq Fondları Beynəlxalq Assosiasiyasının vitse-prezidenti olmuşdur. İ.İbrahimov Assosiasiyanın ən ali mükafatına – “Qızıl medal”a layiq görülmüşdür.
Tanınmış ictimai xadim, alim və pedaqoq İsmayıl İbrahimovun əziz xatirəsi Azərbaycan xalqının qəlbində hər zaman yaşayacaqdır.
Allah rəhmət eləsin!