AMEA İnformasiya Texnologiyaları İnstitutunda doktorant və dissertantların informatika fənni üzrə doktorluq imtahanları başa çatdı.
Bu sessiyada 404-ü doktorant, 445-i dissertant olmaqla 849 nəfər iştirak edib. Onların 14 faizi fizika-riyaziyyat və texnika elmləri, 21 faizi kimya, biologiya və tibb elmləri, 7 faizi yer, kənd təsərrüfatı və coğrafiya elmləri, 58 faizi isə ictimai-siyasi, sosial-iqtisadi və humanitar elmlər üzrə ixtisaslaşan doktorant və dissertantlardır.
İmtahanlarda iştirak etmiş tədqiqatçıların 26 faizi AMEA, 74 faizi isə digər elm və təhsil müəssisələrinin doktorant və dissertantlarıdır. Onlardan 179 nəfər əla, 351 nəfər yaxşı, digərləri isə kafi və qeyri-kafi nəticə göstəriblər.
2016-cı ilin fevral ayından başlayaraq imtahanlara hazırlıq məqsədilə doktorant və dissertantlar üçün institutun Tədris-İnnovasiya Mərkəzində (TİM) müxtəlif müddətli kurslar təşkil olunub. Bu kurslarda informatikanın nəzəri və praktiki əsasları tədris edilib. Elmi tədqiqatçılar üçün sınaq imtahanları keçirilib, imtahanın ümumi qaydaları haqqında zəruri məlumatlar verilib.
AMEA Gəncə Bölməsi, Naxçıvan Dövlət Universiteti və AMEA Naxçıvan Bölməsində institutun distant tədris mərkəzləri fəaliyyət göstərir. 2011-ci ildən Gəncə və Naxçıvanda yaşayan doktorant və dissertantlar TİM-də tədris olunan dərsləri məsafədən dinləyirlər. Cari ildən həmin bölgələrdə yaşayan elmi tədqiqatçılar üçün informatika fənni üzrə imtahanlar internet üzərindən distant formada keçirilir. Bu sessiyada Gəncədən 64, Naxçıvandan isə 23 doktorant və dissertant imtahan verib.
Qeyd edək ki, 2003-cü ildən etibarən respublikanın bütün doktorant və dissertantlarına informatika fənninin tədrisi və doktorluq imtahanlarının qəbulu mərkəzləşdirilmiş qaydada İnformasiya Texnologiyaları İnstitutunda keçirilir. AMEA rəhbərliyinin təşəbbüsü ilə doktorant və dissertantlar üçün informatika fənni üzrə doktorluq imtahanları 2013-cü ilin iyun ayından başlayaraq elektron test üsulu ilə aparılır və nəticələr imtahandan dərhal sonra məlum olur. İmtahan prosesinə TİM-də quraşdırılmış video-müşahidə sistemi vasitəsilə nəzarət edilir.