Proqram mühəndisliyində istifadə edilən standartlara dair məruzə dinlənildi 2016-07-08 17:47:10 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 9 saylı şöbəsinin növbəti elmi seminarı keçirildi. İnstitutun böyük elmi işçisi Tamilla Bayramova “Proqram mühəndisliyində istifadə edilən standartlar” mövzusunda məruzəni təqdim edərək bildirdi ki, müasir proqram komplekslərinin mürəkkəbliyi və ölçülərinin sürətlə artması sifarişçilər və istifadəçilərin onların keyfiyyətinə və istifadəsinin təhlükəsizliyinə olan təlabatını artırmışdır.

 

Son bir neçə il ərzində proqram vasitələrinin və verilənlər bazalarının proseslərini və məhsullarını tənzimləyən bir çox beynəlxalq standartların yaradıldığını qeyd edən T.Bayramova bu standartların proqram vasitələrinin keyfiyyətinin təmin edilməsi sistemlərinin əsası olduğunu söylədi

 

Proqram mühəndisliyi üzrə mövcud standartlardan danışan məruzəçi bu standartların üstünlüklərindən danışdı. O, həmçinin proqram mühəndisliyinin əsaslarının standartları, proqram sistemlərinin yaradılması, proqram sistemi və proseslərin xüsusiyyətlərinin idarə edilməsi və qiymətləndirilməsi, proqram sistemi və proseslərin təsvir edilməsi və s. üçün standartların mövcud olduğunu diqqətə çatdırdı, bu standartlar haqqında ətraflı məlumat verdi.

 

“Proqram vasitələrinin keyfiyyətinin təmin edilməsinin ən vacib məsələlərindən biri keyfiyyət xarakteristikalarının formalaşdırılması və onların qiymətləndirilməsi metodologiyasıdır”, – deyə bildirən məruzəçi proqram vasitələrinin keyfiyyət göstəricilərinin tənzimlənməsinin əsasını “İnformasiya texnologiyası. Proqram məhsulunun qiymətləndirilməsi. Keyfiyyət xarakteristikaları və onların istifadəsi üzrə göstəriş” standartının təşkil etdiyini söylədi.

 

Onun sözlərinə görə, proqram mühəndisliyinin müasir standartları biznes, sənaye, hərbi və dövlət sektorları, o cümlədən istifadəçi bazarı üçün proqram sistemlərini işləyən böyük şirkətlər, korporativ informasiya sistemlərinin sahibləri və istifadəçiləri, proqram sistemlərinin yaradılması üçün metod və vasitələri işləyən, təhsil müəssisələri və milli standartları işləyən şəxslərin tələblərinə cavab vermək üçün yaradılmışdır.

 

Sonra şöbənin əməkdaşı Könül Əliyeva çıxış edərək bu sahədə mövcud olan digər standartlar haqqında məlumat verdi.

 

Sonda məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024