Avropa İttifaqının II Şərq Tərəfdaşlığı Platformasının İşçi proqramı çərçivəsində 2014-2017-ci illərdə “Əmək bazarında ixtisaslı kadrlara olan tələb və təklifin uyğunlaşdırılması və proqnozlaşdırılması – Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin təcrübəsi” layihəsi həyata keçirilir. Azərbaycanı bu layihədə təmsil edən ekspert qrupunun tərkibinə AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova da daxildir.
Bu layihə çərçivəsində Avropanın Təhsil Fondunun dəstəyilə Şərq Tərəfdaşlığı ölkələrinin nümayəndələrinə ixtisaslı kadrlara olan tələb və təklifin uyğunlaşdırılması və proqnozlaşdırılması üzrə Avropa İttifaqı ölkələrinin təcrübəsi ilə tanışlıq üçün ən uğurlu nümunələr, o cümlədən bu sahədə aparılan elmi araşdırmalar, yeni institusional mexanizmlər təqdim edilir, tələb və təklifin uyğunlaşdırılması və proqnozlaşdırılması üzrə modellərlə tanış olmaq məqsədilə tematik seminarlar təşkil olunur.
Azərbaycanın əmək bazarının İT-seqmentində də bu problemlərin önəmi nəzərə alınaraq AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən 2008-ci ildən başlayaraq tədqiqatlar aparılır və ölkədə ilk dəfə olaraq 2008-ci ildə, daha sonra 2013-2014 və 2015-ci illərdə İT-mütəxəssislərə tələb və təklifin monitorinqi aparılmış, İT-təhsilin bu sektorun dinamik inkişafı ilə uzlaşmadığı müəyyən edilmiş, İT-mütəxəssislər əmək bazarında tələb və təklif münasibətlərinin mikro və makro səviyyələrdə modelləşdirilməsi və intellektual idarə olunması, tələb və təklif arasında disbalans dərəcəsinin qiymətləndirilməsi üçün metod və alqoritmlər işlənilmişdir.
21-23 iyun 2016-cı il tarixlərdə keçirilmiş növbəti tematik seminar Niderlandın Maastrixt Universitetinin nəzdində fəaliyyət göstərən Təhsil və Əmək bazarı Elmi-Tədqiqat Mərkəzi tərəfindən təşkil olunmuşdur. Seminarda bu mərkəz, Ukrayna və Gürcüstan tərəfindən əmək bazarında tələb və təklifin uyğunlaşdırılması və proqnozlaşdırılması üzrə aparılan elmi-tədqiqat işləri və onların nəticələri barədə məlumatlar, o cümlədən AMEA İnformasiya Texnologiyaları İnstitutunda İT-mütəxəssislərə tələb və təklif arasında uyğunsuzluğun azaldılması istiqamətində aparılmış tədqiqatların nəticələri iştirakçıların nəzərinə çatdırılmışdır.