İnformasiya və biliklər iqtisadiyyatının formalaşması problemləri araşdırılır 2016-07-08 17:11:30 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 8 saylı şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev rəhbərlik etdiyi şöbənin 2016-cı il üçün yarımillik hesabatını təqdim etdi. Elmi-tədqiqat fəaliyyəti çərçivəsində informasiya cəmiyyəti iqtisadiyyatının formalaşması problemləri üzrə araşdırmaların davam etdirildiyini bildirdi. Cari ildə şöbədə informasiya və biliklər iqtisadiyyatının beynəlxalq səviyyədə təhlil edildiyini, texnoparkların yaradılması, formalaşması və fəaliyyətinin təşkilinin metodoloji və elmi-nəzəri əsaslarının araşdırıldığını nəzərə çatdırdı.

 

Ə.Əliyev informasiya və biliklər iqtisadiyyatını, informasiya cəmiyyəti şəraitində “yaşıl” iqtisadiyyata keçid və onun formalaşma səviyyəsini xarakterizə edən göstəricilər və indekslər sistemlərinin işlənilməsi, eləcə də texnoparkların yaradılması və idarə olunması üzrə kompleks problemlərin aşkarlanması və təhlili, texnoparkların fəaliyyətinin müqayisəli qiymətləndirilməsi üzrə makrogöstəricilər və subindekslər sisteminin işlənilməsi istiqamətində elmi-tədqiqatların davam etdirildiyini söylədi.

 

Məruzəçi şöbənin elmi-innovasiya fəaliyyəti haqqında məlumat verərək bildirdi ki, AR Prezidenti yanında Elmin İnkişafı Fonduna “İnformasiya və bilik iqtisadiyyatının formalaşması və inkişafı üzrə iqtisadi modellərin işlənilməsi”, AR Prezidenti yanında Bilik Fondu və AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fonduna “İnformasiya və bilik iqtisadiyyatının formalaşması və inkişafı” qrant layihələrinin təqdim olunması üzrə müvafiq işlər həyata keçirilir.

 

Onun sözlərinə görə, Daşkənd Dövlət Texniki Universiteti, Türkiyənin Yıldız Texnoparkı, Belarus Respublikasının Yüksək Texnologiyalar Parkı və Belarus Milli Elmlər Akademiyasının Birləşmiş İnformatika Problemləri İnstitutu və İqtisadiyyat İnstitutu ilə elmi əməkdaşlıq əlaqələrinin gücləndirilməsi istiqamətində tədbirlər görülür.

 

Ə.Əliyev şöbə əməkdaşlarının 13 konfrans materialının dərc olunduğunu, tanınmış elmi jurnallarda 4 məqalənin nəşr edildiyini bildirdi. O, həmçinin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyət, elmi-texniki konfrans, seminar və simpoziumlarda iştirak, müxtəlif təyinatlı kitabçaların hazırlanması, elmi-praktiki nəticələrin KİV-də təbliği və s. ilə bağlı yerinə yetirilmiş işlərdən danışdı.

 

Məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı.

 

Sonra institutun direktoru, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev şöbənin yarımillik hesabatı ilə bağlı təklif və tövsiyələrini səsləndirdi. Alim hazırda ölkəmizdə informasiya və biliklər iqtisadiyyatının formalaşması və inkişaf etdirilməsinə xüsusi diqqət yetirildiyini bildirdi. Bu baxımdan informasiya və biliklər iqtisadiyyatının formalaşmasının multidissiplinar problemlərinin dərindən araşdırılmasının mühüm əhəmiyyət kəsb etdiyini və növbəti ildə bu istiqamətdə respublika elmi-praktik konfransının keçirilməsinə zərurət yarandığını diqqətə çatdırdı.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024