AzScienceNet şəbəkəsində Enterprise Desktop Grid xidmətləri və hesablama klasterlərinin yaradılması istiqamətində tədqiqat işləri aparılır 2016-07-08 17:08:38 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunda cari il üçün yarımillik hesabat iclasları davam etdirilir. Rəhbərlik etdiyi 4 saylı şöbənin hesabatını təqdim edən institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov cari ildə şöbədə yerinə yetirilmiş elmi-tədqiqat işləri haqqında məlumat verdi. R.Ələkbərov verilənlərin emalı mərkəzində yaddaş və hesablama resurslarının optimal paylanması üzrə metodların, bulud texnologiyalarında istifadəçilərin məlumatlarının yaddaş qurğularında dinamiki paylanması məsələləri kompüter şəbəkəsində yaddaş resurslarının istifadəçilər arasında optimal paylanması alqoritminin işlənildiyini, AzScienceNet şəbəkəsində Enterprise Desktop Grid xidmətlərinin yaradılması istiqamətində tədqiqat işlərinin aparıldığını diqqətə çatdırdı.

 

Bildirdi ki, superkompüter texnologiyalarının mövcud vəziyyəti, onlarda həll olunan məsələlərin analizi və təhlilləri aparılmış, AzScienceNet şəbəkəsində hostinq xidmətlərin yaradılmasına qoyulan tələblər işlənilmiş və Verilənlərin Emalı Mərkəzində hesablama klasterlərinin yaradılması istiqamətində tədqiqat işləri aparılmışdır. R.Ələkbərov, həmçinin institutun 13 saylı şöbəsi ilə birgə “Elektron elm və onun funksional alt sistemlərinin sintezi üçün yeni metod və alqoritmlərin işlənilməsi” qrant layihəsi çərçivəsində elmi-tədqiqat işlərinin aparıldığını vurğuladı.

 

AzScienceNet şəbəkəsinin infrastrukturunun genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verən R.Ələkbərov şəbəkə infrastrukturunun intellektual kommutatorlar əsasında yenidən qurulduğunu, AMEA-nın bir neçə institut və təşkilatında Wi-Fi, Eduroam xidmətlərindən istifadənin təmin olunduğunu, şəbəkə üzərindən “Elm TV” İnternet televiziyasının monitorlar şəbəkəsinin genişləndirilməsi və istismarı işlərinin, o cümlədən televiziyanın çəkilişlərinin birbaşa yayımının təşkilinin həyata keçirildiyini qeyd etdi.

 

Onun sözlərinə görə, cari ildə Verilənlərin Emalı Mərkəzində E-kitabxana serverinin yerləşdirilməsi və istismarı, AzScienceNet şəbəkəsinin istifadəçilərinin kompüterlərinin reyestr sisteminin istismarı, AzScienceNet-in monitorinq və təhlükəsizlik xidmətinin hesabatının təhlili işləri həyata keçirilmiş, AMEA-nın Gəncə və Naxçıvan bölmələri üçün çoxnöqtəli distant tədris xidmətləri və bu regionların doktorant və dissertantlarına “İnformatika” fənnindən onlayn imtahanlar təşkil edilmişdir. AMEA-nın elmi müəssisə və təşkilatlarına aid olan veb-saytların AzScienceNet-in Data Mərkəzində (hosting xidməti) yerləşdirilməsi və istismarı işləri həyata keçirilmişdir.

 

Eduroam xidmətinin monitorinqi və genişləndirilməsi istiqamətində görülən işlərdən danışan məruzəçi bu məqsədlə AzScienceNet-in “ATLAS RIPE” şəbəkəsinə qoşulması işlərinin aparıldığını, həmçinin AzScienceNet-in təqdim etdiyi “Cloud Computing”, “Storage” və hostinq xidmətlərindən AMEA-nın institut və təşkilatlarının istifadəsi üçün məqsədyönlü tədbirlərin həyata keçirildiyini diqqətə çatdırdı.

 

R.Ələkbərov hesabat dövründə şöbə əməkdaşları tərəfindən nüfuzlu elmi jurnallarda 5, respublika və beynəlxalq səviyyəli konfranslarda isə 8 məqalənin nəşr olunduğunu bildirdi.

 

Direktor müavini şöbənin beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı istiqamətində görülən işlərdən söz açaraq GEANT Assosasiyası, Rusiya Elmlər Akademiyasının A.A.Xarkeviç adına İnformasiyanın Ötürülməsi Problemləri İnstitutunun Paylanmış Hesablamalar Mərkəzi və Çexiya Elmlər Akademiyasının İnformasiya Nəzəriyyəsi və Avtomatlaşdırılması İnstitutu ilə əməkdaşlıq əlaqələrinin davam etdirildiyini bildirdi.

 

Sonra çıxış edən AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyevşöbənin yarımillik hesabatı ilə bağlı təklif və tövsiyələrini səsləndirdi. R.Əliquliyev şöbə əməkdaşlarının elmi-nəzəri fəaliyyətinin gücləndirilməsi, əldə olunmuş elmi nəticələrin nüfuzlu beynəlxalq elmi jurnallarda nəşr olunmasının vacibliyini qeyd etdi.

 

Sonda hesabatla bağlı müzakirələr aparıldı, təklif və tövsiyələr səsləndirildi.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024