AMEA İnformasiya Texnologiyaları İnstitutunun 3 saylı şöbəsinin 2016-ci il üçün yarımillik hesabatı müzakirə olundu. Şöbə müdiri Təhmasib Fətəliyev rəhbərlik etdiyi şöbədə cari ildə görülmüş işlər haqqında məlumat verərək bildirdi ki, şöbədə elektron elmin formalaşmasının aktual elmi-nəzəri problemləri tədqiq edilir, verilənlər haqqında elmin (Data Science) təşəkkülü və perspektiv məsələləri, açıq elm (Science 2.0) konsepsiyası araşdırılır. O, həmçinin bulud texnologiyası əsasında e-elmin texnoloji modelinin işlənilməsi istiqamətində elmi-tədqiqatların davam etdirildiyini söylədi. Hesabat dövründə təqdim olunmuş məsələlər üzrə əldə olunmuş nəticələr haqqında məlumat verdi.
Elmi-innovasiya fəaliyyəti çərçivəsində görülmüş işləri diqqətə çatdıran T.Fətəliyev bu istiqamətdə AR Prezidenti yanında Elmin İnkişafi Fondunun maliyyələşdirdiyi “Elektron elm və onun funksional alt sistemlərinin sintezi üçün yeni metod və alqoritmlərin işlənilməsi” qrant layihəsinin fəaliyyət planına dair işlərin davam etdirildiyini bildirdi. Qeyd etdi ki, Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası üçün informasiya sistemlərinin yaradılması üçün müvafiq işlər görülmüşdür.
Məruzəçi şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfrans, seminar və simpoziumlarda iştirak, tanınmış elmi jurnallarda məqalələrin nəşr olunması, elmi-praktiki nəticələrin KİV-də təbliği və s. ilə əlaqədar yerinə yetirilmiş işlərdən danışdı.
Məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı.
Sonra institutun direktoru, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev şöbənin yarımillik hesabatı ilə bağlı təklif və tövsiyələrini səsləndirdi. Alim şöbə əməkdaşlarının elmi-nəzəri fəaliyyətinin gücləndirilməsi, əldə olunmuş elmi nəticələrin nüfuzlu beynəlxalq elmi jurnallarda əksini tapması, eləcə də şöbənin kadr potensialının artırılmasının vacibliyini qeyd etdi.