Çexiyanın inkişaf etmiş elm və təhsil şəbəkəsi ilə əməkdaşlıq əlaqələri müzakirə olunub 2016-07-08 16:52:50 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov, şöbə müdiri, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev və şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Vüqar Musayev Çexiya Milli Elm və Təhsil Şəbəkəsində (Czech National Research and Education Network – CESNET) keçirilən görüşdə iştirak ediblər.

 

Tədbirdə CESNET-in  elm, inkişaf və innovasiyalar üzrə direktor müavini Helmut Sverenyak və texnologiyalar üzrə məsul şəxs Tomas Koşnar çıxış ediblər. Tomas Koşnar CESNET-in şəbəkə infrastrukturu və xidmətləri haqqında geniş məlumat verib. CESNET-in əsas elektron infrastrukturu, superkompüter şəbəkəsi, data mərkəz və cloud xidmətləri, videokonfrans, veb-konfrans, IP-telefoniya, multimedia arxivləşdirilməsi, təhlükəsizlik və autentifikasiya, şəbəkə trafikinin monitorinqi kimi xidmətləri, təhlükəsizlik sertifikatları, CERT xidməti ətraflı müzakirə olunub. Qeyd edilib ki, Avropada ən inkişaf etmiş elm və təhsil şəbəkələrindən olan CESNET-in 20 illik yubileyi ilə əlaqədar olaraq Avropa üzrə ən mötəbər şəbəkə konfransı hesab edilən “TNC 2016” da CESNET-in həmtəşkilatçılığı ilə Praqada keçirilib.

 

Görüşdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet elm və təhsil kompüter şəbəkəsinin fəaliyyəti barədə geniş təqdimat edilib. İnstitutun elektron elm sahəsində elmi və texnoloji fəaliyyəti, xüsusilə elektron elmin şəbəkə infrastrukturu olan AzScienceNet haqqında ətraflı məlumat verilib. AzScienceNet-in şəbəkə infrastrukturu, data mərkəz, monitorinq və təhlükəsizlik xidməti, AzScienceCERT, cloud, IP-telefoniya, videokonfrans, distant təhsil kimi müasir şəbəkə xidmətləri yüksək qiymətləndirilib.

 

CESNET və AzScienceNet-in əməkdaşlıq istiqamətləri müzakirə olunub. Tərəflərin təcrübə və kadr mübadiləsi, birgə layihələrin reallaşdırılmasında maraqlı olduğu qeyd edilib. CESNET-in rəhbərliyi AzScienceNet-in fəaliyyəti ilə yaxından tanış olmaq və əməkdaşlıq perspektivlərinin müzakirəsi üçün Azərbaycana dəvət olunub. CESNET-in tətbiq etdiyi yeni texnologiyaların AzScienceNet üçün də planlaşdırılması təklif edilib.

 

Sonda qeyd olunub ki, hər iki qurum Avropanın Elm və Təhsil Kompüter Şəbəkələri Assosiasiyasının (GEANT) üzvüdür və bu təşkilatın çətiri altında əməkdaşlıq üçün böyük perspektivlər mövcuddur.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024