AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Sosial medianın multidissiplinar problemləri” I Respublika elmi-praktiki konfransına hazırlıq məqsədilə seminar keçirildi.
AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev tədbirin sosial medianın multidissiplinar xarakter daşıyan problemlərinə həsr olunmuş ilk konfrans olduğunu vurğuladı. Bildirdi ki, konfrans sosial medianın cəmiyyətə təsir imkanlarının araşdırılması, elmi yanaşmalar və tövsiyələrin formalaşdırılması, bu sahədə peşəkar kadr hazırlığı və sosial medianın müxtəlif problemlərinin müzakirəsi üçün müvafiq sahələr üzrə mütəxəssislərin bir araya toplaşması baxımından mühüm əhəmiyyətə malikdir.
Sonra çıxış edən sektor müdiri Rasim Mahmudov konfransa hazırlıqla bağlı görülən işləri nəzərə çatdırdı. Onun sözlərinə görə, konfransın məqsədi informasiya cəmiyyəti kontekstində sosial medianın multidissiplinar problemlərinin elmi ictimaiyyətə çatdırılmasıdır.
R.Mahmudov konfransda sosial medianın elmi-nəzəri, texnoloji, hüquqi, iqtisadi, terminoloji və s. problemlərinə dair araşdırmaların təqdim olunacağını bildirdi, konfransın sosial medianın çoxaspektli problemlərinin həllinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi.