Orta məktəb şagirdləri arasında “IX İnformatika Layihə Olimpiadası” keçirilib 2016-06-14 18:02:52 / KONFRANSLAR

İyunun 11-də AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutu və İnformasiya Texnologiyaları İnstitutu, Qafqaz Universiteti və “İstək” liseyinin birgə təşkilatçılığı ilə məktəblilər arasında “IX İnformatika Layihə Olimpiadası” – İLO2016 keçirilib.

 

2007-ci ildən etibarən müntəzəm olaraq təşkil olunan olimpiada orta məktəb şagirdlərinin informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində bilik və bacarıqlarının təkmilləşdirilməsinə yönəldilmiş müsabiqədir. Bu il olimpiadaya “Proqramlaşdırma”, “Qısa film”, “Animasiya” və “Robot” kateqoriyaları üzrə 89 layihə təqdim edilib ki, onlardan 32-si ekspertlər tərəfindən qiymətləndirilərək finala vəsiqə qazanıb. Bundan başqa, müsabiqəyə ilk dəfə olaraq “AlqoKod” (alqoritmik kodlaşdırma) kateqoriyası da əlavə edilib və bu kateqoriya üzrə 21 şagird final mərhələsində mübarizə aparıb.

 

Qafqaz Universitetində keçirilən olimpiadanın açılış mərasimində çıxış edən universitetin İctimai əlaqələr üzrə prorektoru, dosent Natiq Paşa bu kimi müsabiqələrin keçirilməsinin önəmini vurğulayıb. Bildirib ki, əsas məqsəd orta məktəb şagirdlərinin İKT sahəsinə marağını artırmaq, bu sahədə malik olduqları nəzəri bilikləri praktikada tətbiq etmələrini təmin edərək təcrübə qazanmalarına təkan vermək və ölkəmizdə İKT sahəsi üzrə peşəkar kadrların hazırlanmasına şərait yaratmaqdır.

 

Ölkəmizdə İKT sahəsinin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edən AMEA İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov bu sahədə bir sıra qanunların və dövlət proqramlarının qəbul edildiyini, bütün sferalarda müasir texnologiyaların tətbiq edilməsi, şəbəkə infrastrukturunun inkişaf etdirilməsi istiqamətində məqsədyönlü işlər görüldüyünü diqqətə çatdırıb. İKT üzrə yüksəkixtisaslı kadrların yetişdirilməsinin vacibliyindən bəhs edərək şagirdlərin bu sahəyə marağının artırılması baxımından bu kimi olimpiadaların keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu bildirib.

 

Sonra çıxış edən Bakı Dövlət Universitetinin dosenti Ramin Mahmudzadəolimpiadanın əhəmiyyətindən söz açaraq ölkədə informasiya texnologiyaları üzrə yüksəkixtisaslı, böyük elmi-praktiki təcrübəyə malik, innovativ təfəkkürlü kadrların, xüsusilə də kompüter və proqram təminatı mühəndislərinin hazırlanması məqsədilə orta və ali məktəblərdə informatikanın tədrisinin zəruriliyini qeyd edib.

 

AMEA İdarəetmə Sistemləri İnstitutunun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Samir Rüstəmov İnformatika Layihə Olimpiadasının fəaliyyətini yüksək qiymətləndirərək burada təqdim olunan layihələrin ölkədə böyük elmi potensiala malik istedadlı gənclərin yetişməsinin göstəricisi olduğunu bildirib.

 

Qafqaz Universitetinin mühəndislik fakültəsinin dekanı, professor Xəlil İsmayılovgənclərin inkişafına dəstək verən bu kimi olimpiadaların keçirilməsinin vacibliyini qeyd edərək şagirdlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 

Sonra şagirdlər hazırladıqları layihələri olimpiadanın Münsiflər Heyətinin qarşısında nümayiş etdiriblər. AMEA İnformasiya Texnologiyaları İnstitutunun layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Şəfəqət Mahmudova və Təhsil şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Fərhad Yusifov “Proqramlaşdırma” kateqoriyası üzrə yaradılmış Münsiflər Heyətinin tərkibində iştirak ediblər. Təqdim olunmuş layihələr hər bir kateqoriya üzrə ayrı-ayrılıqda müəyyən olunmuş kriteriyalara əsasən qiymətləndirilib.

 

“AlqoKod” kateqoriyasının iştirakçılarına 5 saat ərzində 10 alqoritmik məsələnin proqramını (C, C++, Java, Pascal və ya Pyton dillərində) tərtib etmək tapşırığı verilib və məsələlərin həlli PC2-9.2.4 avtomatik qiymətləndirmə sistemi vasitəsilə yoxlanılıb.

 

“Proqramlaşdırma” kateqoriyası üzrə Bakı Avropa Liseyinin şagirdi Hüseyn Hacıyev, “Qısa film” kateqoriyası üzrə 3 saylı məktəbin şagirdi Rüfət Məmmədov, “Animasiya” kateqoriyası üzrə Lənkəran “İstək” Liseyinin şagirdləri Əli Yusubov və Sadiq Qurbanov, “Robot” kateqoriyası üzrə Bakı Ankara məktəb liseyinin şagirdi İkram Qabıyev və “AlqoKod” kateqoriyası üzrə 150 saylı məktəbin şagirdi Elgün Cəbrayılzadə I yerə layiq görülüblər.

 

Sonda qaliblər AMEA İdarəetmə Sistemləri İnstitutu və İnformasiya Texnologiyaları İnstitutu, Qafqaz Universiteti, “İstək” liseyi, “Estet” şirkəti və “NAPCAR”ın təqdim etdiyi qiymətli hədiyyələr, medallar və sertifikatlarla mükafatlandırılıblar.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024