AMEA İnformasiya Texnologiyaları İnstitutunda 9 saylı şöbənin növbəti elmi seminarı keçirildi. “Elektron tibbdə biometrik texnologiyaların tətbiqi məsələləri” mövzusunda məruzəni təqdim edən institutun layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Şəfəqət Mahmudova elektron tibbi informasiya sistemləri, pasiyentin elektron tibbi kartı, biometrik texnologiyaların elektron tibbdə tətbiqi, insanın kəlləsinə görə identifikasiyası və s. haqqında ətraflı məlumat verdi.
Müasir dövrdə informasiya texnologiyalarının əksər sahələrə tətbiq olunduğunu söyləyən Ş.Mahmudova bunun yeni elm sahələrinin, o cümlədən biometriyanın inkişafına şərait yaratdığını vurğuladı.
İnsanın biometrik xarakteristikaları barədə məlumat verən Ş.Mahmudova tibb sahəsində istifadə olunan biometrik texnologiyalardan bəhs etdi, “Cross Technologies” və “Morpho Trak” texnologiyalarının üstünlüklərindən danışdı. Bildirdi ki, “Biometrics Research Group Inc” şirkətinin proqnozlarına görə, 2020-ci ildə dünya səhiyyəsi sahəsində biometrik texnologiyalar bazarının həcmi 35,5 milyard dollar təşkil edəcək.
“Son dövrlər elektron tibbi informasiya sistemlərində biometrik texnologiyalardan istifadə geniş vüsət almışdır”, – deyə bildirən məruzəçi qeyd etdi ki, bu sistemlər müalicə-profilaktika müəssisələrində müalicə-diaqnostika işinin idarəedilməsinin avtomatlaşdırılması üçün nəzərdə tutulub və elektron tibbi sənədlərin təşkili və uçotunun aparılması, tibbi yardımın göstərilməsi haqqında məlumatların toplanması və ötürülməsi, tibbi təşkilatların informasiya təminatının funksionallığının təmin olunması, təcili yardım və köməkçi müalicə-diaqnostika sahəsi ilə əlaqənin təmin olunması kimi məsələlərin həllini təmin edir.
Tibb sahəsində olan problemlərin həlli və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinin sosial tələblərin həyata keçirilməsi ilə bağlı olduğunu qeyd edən Ş.Mahmudova bu məqsədlə informasiya sisteminin və işçi qrupunun təşkili, informasiyanın qorunması vasitələrinin əldə edilməsi, informasiya daşıyıcılarının qorunması və s. problemlərə diqqət yetirilməsinin vacib məsələlərdən olduğunu önə çəkdi.
Biometrik texnologiyalardan istifadə etməklə elektron tibb sahəsində etibarlılığın yüksəldilməsinin mümkünlüyündən danışan məruzəçi bu məqsədlə mövcud tibbi informasiya sistemlərinin tədqiqi və analizi, şəxsin identifikasiyası üçün biometrik texnologiyaların analizi və tədqiqi, biometrik tibbi informasiya sisteminin arxitekturasının işlənməsi, tibbi informasiya sistemlərinin biometrik şəbəkə vasitəsilə aparat-proqram kompleksinin hazırlanması və informasiyanın təhlükəsizliyinin təmin edilməsinin səmərəli nəticələrin əldə olunmasına şərait yaradacağını qeyd etdi.
Bu sahədə dünya təcrübəsindən danışan Ş.Mahmudova bildirdi ki, Amerikanın İndiana ştatında Müqəddəs Vinsent tibbi mərkəzi pasiyentlərin identifikasiyası üçün barmaq izi skanerlərini tətbiq etməklə yüksək səviyyəli informasiya təhlükəsizliyinə və pasiyentlərə təqdim olunan xidmətlərin sürətinin artırılmasına nail olmuşdur.
Elektron tibb sahəsində istifadə olunan biometrik texnologiyalardan olan BİO-açar texnologiyasının aparıcı xəstəxanalar, klinikalarda və s. istifadə olunduğunu söyləyən məruzəçi barmaq izlərinə əsaslanan bu texnologiyadan, etibarlılığın təmin olunması və Dövlət Əczaçılığı Şurasının normativ tələblərinin yüksəldilməsi məqsədilə həkimlər, tibb bacıları və administratorların dərmanların elektron resepti üçün istifadə etdiklərini nəzərə çatdırdı. Onun sözlərinə görə, bu texnologiya bütün dünyada minlərlə xəstəxanada elektron dərmanlar bölməsinə təhlükəsiz girişin təmin edilməsində mühüm rol oynayır.
Ş.Mahmudova tibb sahəsində istifadə olunan digər biometrik texnologiyalar haqqında da məlumat verdi.
O, həmçinin biometrik texnologiyalardan məhkəmə-tibbi ekspertizasının aparılmasında geniş şəkildə istifadə olunduğunu bildirdi, kompüter vasitəsilə insan kəlləsinin təsvirinə görə şəxsin identifikasiyası metodlarından bəhs etdi.
Sonda Ş.Mahmudova qeyd etdi ki, elektron tibb sahəsində biometrik texnologiyalardan istifadə tibbi xidmətlərin keyfiyyətini yüksəldir: “Bu texnologiyaların tətbiqi ilə pasiyenti yüksək sürətlə və dəqiqliklə identifikasiya etmək mümkün olur, tibbi səhvlərin ehtimalı əhəmiyyətli dərəcədə azalır, diaqnostik və müalicə prosesinin effektivliyi yüksəlir, pasiyentlərin şəxsi məlumatlarının oğurlanması və informasiyanın itkisi ehtimalı minimallaşır, pasiyentlərin fərdi məlumatlarının məxfiliyi və şəxsi təhlükəsizliyinin səviyyəsi artır.
Məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.