Son zamanlar informasiya texnologiyalarının tibb sahəsində tətbiq edilməsi tibbi xidmətlərin təkmilləşdirilməsinə şərait yaratmış, texniki təminat infrastrukturunun, yeni mürəkkəb tibbi proqramların yaradılmasına və verilənlərin emalı prosesinin sürətlənməsinə səbəb olmuşdur.
Tibb müəssisələri tərəfindən yaradılan məlumatların həcmi gündən-günə artdığından verilənlərin hesablama və saxlanma imkanları baxımından qabaqcıl texnika və resurslara tələbat yaranmışdır. Tibbi qurumların tələblərinə cavab vermək məqsədilə xəstəxanalar ən son texnologiyalardan istifadə edərək xəstəxana sisteminin səviyyəsini daim təkmilləşdirməlidirlər.
Bu fikirləri AMEA İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi Məmməd Həşimov institutun 4 saylı şöbəsinin elmi seminarında səsləndirib.“Elektron tibb və bulud texnologiyaları: imkanlar və perspektivlər” mövzusunda məruzə ilə çıxış edən M.Həşimov hazırda bulud texnologiyalarının verilənlərin yüksəksürətli emalı və tibb sahəsindəki müxtəlif alətlərin səmərəli idarə olunmasını təmin etmək baxımından böyük imkanlara malik olduğunu diqqətə çatdırdı.
Yeni texnologiya və infrastrukturun istifadəsi zamanı xərclərin azaldılması, məlumatların təhlükəsizliyinin təmin olunması və bir sıra xüsusi proqramların yaradılması kimi məsələlərə xüsusi diqqət yetirməyin vacibliyini qeyd edən məruzəçi bulud texnologiyaları provayderləri tərəfindən istifadəçilərə infrastruktur, platforma və proqram təminatından istifadə etmək məqsədilə bir sıra imkanlar təklif edildiyini önə çəkdi.
“Bulud texnologiyaları tamamilə yeni bir informasiya texnologiyası olub fərdi kompüter və internetdən sonra üçüncü inqilab hesab edilir”, – deyə bildirən M.Həşimov bu texnologiyaladan xəstəlik tarixçələrinin saxlanılması, pasiyentlərin monitorinqi, müalicə metodlarının daha səmərəli və effektiv şəkildə istifadə olunması, o cümlədən həmkarlarla məlumatların bölüşdürülməsi və analizi məqsədilə tibb sahəsində istifadə olunduğunu bildirdi.
M.Həşimov, həmçinin bulud texnologiyalarının modelləri haqqında məlumat verdi, bu texnologiyaların istifadəçilərə 10-a yaxın xidmət təklif etdiyini diqqətə çatdırdı.
Elektron tibbdə bulud texnologiyalarından istifadənin tibb müəssisələrinin səmərəli idarə olunmasına şərait yaratdığını söyləyən məruzəçi qeyd etdi ki, əsas məlumatların buludlarda yerləşdirilməsi ilə müəssisələr arasında mövcud olan informasiya mübadiləsi sisteminin nizama salınması, o cümlədən müxtəlif qurğuların köməyilə məlumatlara girişin təmin olunması mümkündür. O, sözügedən texnologiyalar vasitəsilə müxtəlif ölkələrdə olan ayrı-ayrı həkimlərin xəstəliklər haqqında məlumatları bir-birilə bölüşmək imkanına malik olduğunu vurğuladı.
Tibb sahəsində bulud xidmətləri əsasında həyata keçirilən layihələr barədə danışan M.Həşimov bulud texnologiyaları əsasında uşaq xərçəng xəstəliklərinin araşdırıldığını, bioinformatika sahəsində böyük həcmli məlumatların emalını tələb edən tədqiqatların aparılması məqsədilə “Cloud BioLinux” resursunun yaradıldığını və bu resursdan istifadə etməklə insan orqanizmində 1000 genin analizi üçün “İnsanın mikrobiom layihəsi”nin yaradıldığını, “Amazon EC2” bulud platformalarından istifadə etməklə xəstələrin böyrək çatışmazlığı, böyrəkdə gedən funksional dəyişiklikləri qeyd edən ümumi məlumat bazasının, Amalga (Microsoft) platformasından istifadə etməklə isə hamilə qadınların və şəkərli diabet xəstələrinin ümumi məlumat bazasının yaradıldığını diqqətə çatdırdı.
Məruzə ətrafında gedən müzakirələrdə çoxsaylı suallar cavablandırıldı.