"Apple" şirkəti "iOS" mobil əməliyyat sisteminin yekun versiyasını (9.3.2) nəzərdə tutulmuş müddətdən əvvəl yeniləyib. Yeniləmə paketi səhvlərin düzəlişi və şirkətə məxsus mobil qurğuların işinin təkmilləşdirilməsi üçün nəzərdə tutulub.
Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 Mart 2016-cı il tarixli 131 saylı Qərarına əsasən, cari ilin 27 mart tarixində ölkə ərazisində yay vaxtına keçidin ləğv olunması ilə əlaqədar "Apple" şirkətinə məxsus "iOS" mobil əməliyyat sistemi ilə işləyən qurğularda uyğunsuzluqlar əmələ gəlmişdi.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Apple" şirkətinə rəsmi müraciətindən sonra, şirkət əməliyyat sisteminin son yeniləməsində bu uyğunsuzluğu aradan qaldırıb.
Belə ki, "iOS" əməliyyat sistemi ilə işləyən qurğularda Azərbaycan üzrə real vaxt rejiminə keçidin avtomatik təyin olunması üçün mobil əməliyyat sisteminin yekun versiyasını (9.3.2) yükləməzdən əvvəl mobil qurğunuzda "Tarix və vaxt" tənzimlənməsini avtomatik rejimə keçirməlisiniz.
Məlumat üçün bildirək ki, ümumiyyətlə, 1.6 QB tutumunda olan "iOS 9.3.2" yeniləməsi az sayda dəyişiklikdən ibarətdir. Bura aşkarlanmış səhvlərin aradan qaldırılması, "iPhone", "iPad", "iPod touch" qurğularının sabit işləməsinin təmini və təhlükəsizliyin gücləndirilməsi daxildir. Şirkət "iPhone SE" qurğusu ilə birləşdirilən "Bluetooth" aksessuarların bəzisində səsin keyfiyyətində nasazlıqla bağlı səhvi aradan qaldırıb.