İnformasiya cəmiyyətinin formalaşmasının əsasını təşkil edən informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə elm, təhsil və səhiyyə sahələrinin inkişafını sürətləndirib. Bu qurumlarda İKT-nin inkişaf səviyyəsi və problemləri informasiyalaşdırma ilə yanaşı, onların hər birinin strukturlarının istifadəsi üçün yararlı vahid informasiya fəzasının formalaşdırılması, informasiya resursları və infrastrukturlarının inkişaf etdirilməsini həyata keçirən e-elm, e-təhsil və e-səhiyyənin inkişafını zəruri edib.
Bu fikirləri AMEA İnformasiya Texnologiyaları İnstitutunun 3 saylı şöbəsinin müdiri Təhmasib Fətəliyev şöbənin növbəti elmi seminarında səsləndirib. “Elektron tibb e-elmin tərkib hissəsidir” mövzusunda məruzəni təqdim edən T.Fətəliyev e-tibbin tərkib hissələri, tibbi verilənlər bazaları, e-tibb üzrə beynəlxalq qurumlar və layihələr, Avropa İttifaqının e-səhiyyə siyasəti və s. haqqında ətraflı məlumat verib. Bildirib ki, ölkəmizdə Elektron Azərbaycanın seqmentlərindən biri olan e-tibb elm sahəsi kimi e-elmin, idarəolunma funksiyasına görə e-səhiyyənin tərkib hissəsidir.
T.Fətəliyev tibbi xidmətlərə artan tələbatın ödənilməsi problemini İKT-nin tətbiqi hesabına həll etməyin mümkünlüyünü nəzərə çatdıraraq bunun mövcud problemlərin həlli baxımından böyük əhəmiyyətə malik olduğunu söyləyib.
“Müasir tibbin inkişaf tendensiyası insan sağlamlığına fərdi yanaşma prinsiplərinə əsaslanan P4-tibbin nailiyyətləri ilə bağlıdır”, – deyə bildirən məruzəçi qeyd edib ki, bioloji və tibbi araşdırmalar nəticəsində yaranan və sosial şəbəkələrdən toplanan böyük həcmli verilənlər və intellektual analiz texnologiyalarının emalı nəticəsində konkret şəxsə yönümlü fərdiləşmiş tibbin yaranması üçün geniş imkanlar yaranmışdır.
Onun sözlərinə görə, sosial şəbəkə, bloq və viki saytlar kimi sosial əməkdaşlıq texnologiyaları oxşar təcrübə və maraqları olan insanlar arasında qarşılıqlı münasibətləri asanlaşdıran çoxsaylı onlayn icmaların yaranmasına səbəb olmuş, bu texnologiyalar e-tibbdə ictimai iştirakın artırılması üçün geniş imkanlar açmış və P4 tibbin inkişafına təkan vermişdir.
Avropa İttifaqının e-səhiyyə siyasəti haqqında danışan T.Fətəliyev burada səhiyyədə İKT-dən istifadə edərək profilaktika, diaqnoz, müalicə, monitorinq və idarəetməni təkmilləşdirən alət və xidmətlərə istinad, tibbi xidmətlərin əlyetənliyi və keyfiyyətini artırmaqla səhiyyə sektorunun təkmilləşdirilməsi, elektron sağlamlıq kartı, teletibb xidmətləri, robotlaşdırılmış cərrahiyyə və s. kimi tələblərin öz əksini tapdığını bildirib.
Sonda T.Fətəliyev təqdim olunan araşdırmaların Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (Qrant № EİF-2014-9(24)-KETPL-14/02/1) maliyyə dəstəyi ilə yerinə yetirildiyini diqqətə çatdırıb.