AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində(TİM) AMEA-nın 17 elmi-tədqiqat müəssisəsindən doktoranturaya qəbul və ixtisas fənləri üzrə doktorluq imtahanlarının test üsulu ilə keçirilməsinə məsul olan şəxslər üçün treninq-seminar keçirildi.
Tədbirdə çıxış edən TİM-in rəhbəri Rəsmiyyə Mahmudova hazırda təhsil prosesində test texnologiyalarından geniş istifadə olunduğunu bildirərək bu sistemin bilik səviyyəsinin müəyyənləşdirilməsində mühüm rol oynadığını qeyd etdi. Diqqətə çatdırdı ki, AMEA prezidenti, akademik Akif Əlizadənin tapşırığı ilə son zamanlar bu qurumda doktorluq imtahanlarının keyfiyyətinin, obyektivliyinin, şəffaflığının artırılması, müasir dünya standartlarına uyğunlaşdırılması istiqamətində ciddi islahatlar aparılır, İnformatika, Fəlsəfə və ixtisas fənləri üzrə imtahanlarının yeni test texnologiyaları əsasında keçirilməsi də həmin məqsədə xidmət edir.
R.Mahmudova AMEA prezidenti, akademik Akif Əlizadənin “AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanlarının test texnologiyaları əsasında keçirilməsi haqqında” 9 iyun 2015-ci il tarixli Sərəncamına əsasən, AMEA-nın elmi müəssisələrində işçi qrupların yaradıldığını, bu qruplar tərəfindən müvafiq ixtisaslar üzrə test suallarının hazırlandığını və institutların elmi şuralarında müzakirə edildiyini, sualların yaradılmış Ekspert Komissiyası tərəfindən ekspertizadan keçirildiyini və bu istiqamətdə bir sıra zəruri metodiki, texniki və təşkilati işlərin həyata keçirildiyini diqqətə çatdırdı.
Onun sözlərinə görə, AMEA Rəyasət Heyətinin “İxtisas fənləri üzrə proqramların və test bankının təsdiq edilməsi haqqında” 4 noyabr 2015-ci il tarixli Qərarına əsasən, doktoranturaya qəbul və doktorluq imtahanlarının test üsulu keçirilməsi zamanı AMEA-nın elmi müəssisələrinə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı texniki dəstəyin göstərilməsi AMEA İnformasiya Texnologiyaları İnstitutuna tapşırılıb: “AMEA-nın elmi müəssisələrində imtahanların test sistemi əsasında keçirilməsi üçün proqram təminatı bizim institutun mütəxəssisləri tərəfindən hazırlanmışdır. Müraciət edən elmi müəssisələrin maddi-texniki bazasına ilkin baxış keçirilmiş və imtahanların test üsulu ilə keçirilməsi üçün zəruri texniki avadanlıqların təminatı ilə bağlı məsləhətlər verilmiş, o cümlədən maddi-texniki təminat baxımından imtahanları test üsulu ilə keçirməyə hazır olan elmi müəssisələrdə kompüterlərə lazımi proqramlar və test proqramı yazılmışdır. Bununla yanaşı, imtahanların keçirilməsi zamanı məxfiliyin və təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan üçün nəzərdə tutulmuş kompüterlər arasında ayrıca lokal şəbəkə yaradılmışdır”.
TİM-in rəhbəri, həmçinin 2013-cü ilin iyun ayından başlayaraq respublikanın bütün doktorant və dissertantları üçün informatika fənni üzrə doktorluq imtahanlarının və 2015-ci ildən AMEA-nın doktorant və dissertantları üçün fəlsəfədən doktoranturaya qəbul və doktorluq imtahanlarının mərkəzləşmiş qaydada İnformasiya Texnologiyaları İnstitutunda elektron test üsulu ilə keçirildiyini diqqətə çatdırdı.
Sonra İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı, proqramçı Raqif İsmayılov test proqramından istifadə, testlərin bazaya daxil edilməsi və dəyişikliklərin edilməsi qaydaları haqqında ətraflı məlumat verdi, treninq iştirakçılarının çoxsaylı suallarını cavablandırdı.
Treninqdə iştirak edən şəxslərə sertifikatların verilməsi nəzərdə tutulur.