AzScienceNet şəbəkəsində VPN texnologiyasının tətbiqi həllərinə həsr olunmuş seminar keçirildi 2016-05-11 20:29:29 / KONFRANSLAR

 

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 4 saylı şöbənin növbəti elmi seminarı keçirildi. Tədbiri giriş sözü ilə açan institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov elmi seminarın AzScienceNet Elm Kompüter Şəbəkəsində VPN texnologiyasının tətbiqi həllərinə həsr olunduğunu diqqətə çatdırdı.

 

Məruzəni təqdim edən institutun əməkdaşı Orxan Mənsimzadə VPN texnologiyasının (Virtual Private Network – Virtual Şəxsi Şəbəkə) imkanlarından danışaraq bu şəbəkənin internet üzərindən qurulan bağlantılar zamanı və ofislər arasında bağlantının təhlükəsiz təmin olunması məqsədilə istifadə olunduğunu bildirdi. Qeyd etdi ki, VPN bağlantısı vasitəsilə informasiyanın şifrələnmiş halda istifadəçilər arasında təhlükəsiz şəkildə ötürülməsi həyata keçirilir: “VPN bağlantısı ilə bir nöqtədən digərinə informasiya göndərilərkən paket şifrələnir, digər tərəfdə isə paket deşifrələnərək informasiya açıq şəkildə təqdim olunur. Bu səbəbdən VPN texnologiyası təhlükəli zonalarda daha geniş istifadə olunur”.

 

VPN bağlantılarının növləri haqqında məlumat verən O.Mənsimzadə bu bağlantıların xüsusiyyətlərini nəzərə çatdırdı. Onun sözlərinə görə, VPN bağlantıları şəbəkə tərəfindən internet vasitəsilə təmin edilən infrastrukturu istifadə etməklə xüsusi şəbəkə üzərindəki serverə qoşulmağa imkan yaradır.

 

O, həmçinin VPN Tunel protokolları barədə ətraflı məlumat verdi, bu protokollardan istifadənin üstünlüklərindən danışdı.

 

Sonra mövzu ətrafında geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024