Grid texnologiyalarının elektron tibb sahəsində tətbiqi problemlərinə həsr olunmuş məruzə dinlənildi 2016-05-05 17:51:13 / KONFRANSLAR

 

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 4 saylı şöbənin növbəti elmi seminarı keçirildi. Tədbiri giriş sözü ilə açan institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov elmi seminarın grid texnologiyalarının elektron tibb sahəsində tətbiqi problemlərinə həsr olunduğunu diqqətə çatdırdı.

 

Məruzəni təqdim edən institutun əməkdaşı Səməd Dursunov xəstəliklərin səmərəli müalicə yollarının aşkarlanmasında biologiya, kimya, fizika və digər elmlərlə yanaşı, informasiya texnologiyalarının da böyük rola malik olduğunu bildirdi.

 

Grid texnologiyalarının elektron tibb sahəsində tətbiqi problemlərindən söz açan məruzəçi bu texnologiyalar haqqında ətraflı məlumat verdi. Qeyd etdi ki, “grid” sözünün ingilis dilindən tərcüməsi “şəbəkə” mənasını verir və ilk dəfə 1994-cü ildə amerikalı alimlər Yan Foster və Karl Keselman tərəfindən elmə gətirilmişdir. Grid sistemləri kompüter şəbəkəsinə qoşulmuş kompüterlərin hesablama gücündən istifadə etməklə yaradılan paylanmış hesablama şəbəkəsidir. Grid texnologiyaları tibb, riyaziyyat, fizika, seysmologiya, biologiya, astronomiya kimi bir çox sahələrdə tətbiq olunur.

 

“Superkompüterlərin qiyməti 100 milyonlarla ABŞ dollarına bərabərdir. Grid texnologiyası isə könüllülərin kompüterlərindən istifadə etməklə hesablama apardığı üçün böyük vəsait tələb etmir. Bu səbəbdən bir çox tibbi müəssisələr və elmi araşdırma mərkəzləri grid sistemləri yaratmağa üstünlük verirlər”, – deyə S.Dursunov bildirdi.

 

O, qeyd etdi ki, tibb sahəsində grid texnologiyaları əsasında bir sıra layihələr həyata keçirilir: “Rosetta@home” layihəsi molekulyar biologiyanın ən mühüm problemi olan amin turşularının ardıcıllığında zülalların strukturunun hesablanması məsələsinə yönəlmişdir. BOINC platforması üzərində işləyən “POEM@home” layihəsinin əsas məqsədi zülalların qatlanmasının modelləşdirilməsidir. “DNA@home” layihəsində isə bubonik vəba və vərəm xəstəliklərini yaradan DNT bakteriyalarının araşdırılması üçün hesablamalar aparılır”.

 

Məruzəçi “sibir xorası” virusuna qarşı zərdabın hazırlanması üçün dövlət nəzarəti altında “United Devices” şirkəti tərəfindən Grid MP platforması üzərində “Anthrax” proqramının hazırlandığını nəzərə çatdırdı. Bildirdi ki, “Anthrax” layihəsinə 1 milyon fərdi kompüter və server səfərbər edilərək 24 gün ərzində virusa qarşı zərdab hazırlanmışdır. Bu əməliyyat hər hansı bir superkompüterdə yerinə yetirilsəydi, nəticə 2-3 ildən sonra əldə olunardı.

 

Onun sözlərinə görə, hazırda bu sahədə ən geniş yayılmış layihələrdən biri “Word Community Grid” layihəsidir. Bu layihə BOINC platforması üzərində işləyir və “IBM” şirkəti tərəfindən 2004-cü ildə istifadəyə verilmişdir. Layihədə xərçəng, spid, qrip və s. xəstəliklərin səmərəli müalicə yollarının aşkarlanması istiqamətində araşdırmalar aparılır. Layihə Ümumdünya Səhiyyə Təşkilatı, BMT kimi nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlıq çərçivəsində inkişaf etdirilir. Layihədə 3 milyondan çox kompüterdən istifadə olunur. Ümumi sistemin 614 637 TFlops məhsuldarlığa malik olduğu qeyd edilir.

 

S.Dursunov, həmçinin “Word Community Grid” layihəsinin alt layihələri, BOINC platformasının server və istifadəçi hissəsi haqqında məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırdı.

 

Təqdim olunan araşdırmaların Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun layihəsi çərçivəsində yerinə yetirildiyi qeyd edildi.

 

Sonra mövzu ətrafında geniş fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı.

 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024