BMT-nin baş katibi: “İKT insanları biliklərlə silahlandırır və yeni imkanlar açır” 2016-05-04 16:22:49 / KONFRANSLAR

 

Hökumət, vətəndaş cəmiyyəti və özəl sektorun nümayəndələri Cenevrədə (İsveçrə) keçirilən və informasiya-kommunikasiya texnologiyalarından (İKT) 2015-ci ildən sonrakı dövrdə dayanıqlı inkişaf sahəsində məqsədlərə nail olmaqda tərəqqinin sürətləndirilməsi üçün istifadəyə həsr edilən İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti Forumunda iştirak edirlər. Görüş iştirakçılarına müraciət edən BMT baş katibi Pan Gi Mun bəyan edib ki, İKT insanları biliklərlə silahlandırır və yeni imkanlar açır.

Baş katib forum iştirakçılarına videomüraciətdə bildirib ki, İKT qlobal iqtisadiyyatın aparıcı qüvvəsi olmaqla ünsiyyət, sosial fəaliyyət və biznesin aparılması üsullarını köklü şəkildə dəyişib.

Pan Gi Mun əlavə edib ki, informasiya texnologiyaları iqlim dəyişiklikləri ilə mübarizədə innovativ yanaşmaların tətbiqi, təhsil və səhiyyə sahəsində xidmətlərin yaxşılaşdırılması, qadınların və digər zəif təbəqə nümayəndələrinin imkanlarının genişləndirilməsi üçün şərait yaradır.

Bildirilib ki, İKT 2030-cu ilədək olan dövr üçün dayanıqlı inkişaf sahəsində məqsədlərə nail olmaqda və Paris İqlim Sazişinin yerinə yetirilməsində böyük əhəmiyyətə malikdir.

Baş katib vurğulayıb ki, bu gün dünyanın internetlə əhatə olunmasına baxmayaraq əksər insanlar hələ də müasir informasiya texnologiyalarından və lazımi informasiyadan istifadədən məhrumdur.

Qeyd edək ki, Beynəlxalq Telekommunikasiya İttifaqının himayəsi ilə keçirilən forumun işində Azərbaycan nümayəndə heyəti də iştirak edir. “İnkişaf üçün İKT” mövzusunda illik görüş olan mötəbər tədbir BMT-nin himayəsi ilə iki mərhələdə - 2003-2005-ci illərdə keçirilən İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti Forumunun yekunlarına əsaslanır.

Bu il forumda dünyanın müxtəlif ölkələrindən 1800 nümayəndə, o cümlədən 85 nazir iştirak edir. Forum çərçivəsində açıq informasiya cəmiyyətlərinin yaradılması və kibertəhlükəsizlik məsələlərinə həsr edilən “dəyirmi masa”ların təşkil edilməsi nəzərdə tutulur.  

 

 

ictnews.az

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023