AMEA-nın beynəlxalq əlaqələrinin davamlı genişlənməsi, müntəzəm olaraq beynəlxalq tədbir və görüşlərin keçirilməsi akademiyanın bütün qurumlarında Eduroam (education roaming) xidmətinin yaradılmasını və internetə Eduroam vasitəsilə çıxışın təmin edilməsini zəruri edir.
Eduroam alim, tədqiqatçı, müəllim və tələbələrin internetə təhlükəsiz və sərbəst çıxışını təmin edən beynəlxalq rouminq xidmətidir. Eduroam xidmətinə qoşulan istifadəçilər ölkə daxilində və xaricdə minlərlə elm və təhsil qurumunun ərazisində olarkən internetə simsiz şəbəkə üzərindən asan, ödənişsiz və təhlükəsiz çıxış imkanı əldə edir. Bu xidmət GEANT (Avropanın elm və təhsil üçün kompüter şəbəkəsi) tərəfindən təqdim edilir.
Ölkəmizdə Eduroam şəbəkəsinin yaradılması GEANT Assosiasiyasında Azərbaycanı təmsil edən AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən həyata keçirilir. Eduroam xidməti institut tərəfindən AzScienceNet elm-kompüter şəbəkəsinin (EKŞ) bazasında yaradılıb.
AzScienceNet EKŞ-nin bazası əsasında Eduroam xidmətinin genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi istiqamətində AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən ardıcıl işlər aparılır. Bu yaxınlarda AMEA Rəyasət Heyəti aparatının müxtəlif şöbə və idarələrində yeni avadanlıqlar quraşdırılmış və nəticədə Eduroam xidmətinin əhatə dairəsi, həmçinin keyfiyyət göstəriciləri əhəmiyyətli dərəcədə artırılmışdır.