Superkompüterlərin e-tibb sahəsində tətbiqi problemlərinə həsr olunmuş məruzə dinlənildi 2016-05-04 16:07:17 / KONFRANSLAR

 

AMEA İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirildi. Tədbiri giriş sözü ilə açan institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov elmi seminarın superkompüterlərin e-tibb sahəsində tətbiqi problemlərinə həsr olunduğunu diqqətə çatdırdı.

Məruzəni təqdim edən AzScienceNet-in şəbəkə administratoru Tural Mustafayev e-tibbin informasiya-kommunikasiya texnologiyalarına əsaslanan yeni müalicə imkanları və sağlamlıq sənayesi olduğunu bildirdi. Xəstəliklərin səmərəli müalicə yollarının aşkarlanmasında biologiya, kimya, fizika və digər elmlərlə yanaşı, informasiya texnologiyalarının da böyük rola malik olduğunu söyləyən T.Mustafayev böyük və sürətli hesablamaların aparılması məqsədilə hazırda dünyanın bir çox institut və təşkilatlarında, o cümlədən, tibb müəssisələrində superkompüter texnologiyalarından istifadə olunduğunu qeyd etdi.

 

Superkompüterlərin tətbiq sahələri haqqında məlumat verən T.Mustafayev bu kompüterlərdən əsasən neft tədqiqatları və emalı, tibb sahəsi, kosmik tədqiqatlar, aerodinamika, nüvə tədqiqatları və digər sahələrdə istifadə olunduğunu söylədi.

 

Bu sahədə beynəlxalq təcrübəni diqqətə çatdıran məruzəçi superkompüterlərin bir çox xəstəliklərin müalicəsində geniş tətbiq olunduğunu vurğuladı. Onun sözlərinə görə, hepatit C virusuna qarşı mübarizə üsullarının yaradılması, yeni doğulan körpələr barədə məlumatların analiz olunması, xərçəng xəstəliyinin müalicəsində istifadə olunan dərman modelinin hazırlanması və bu xəstəliyin müalicəsinə sərf olunan xərclərinin azaldılması, DNT-nin analizi və dəqiq diaqnostikası və digər məqsədlərlə tibb müəssisələri “CRAY”, “Megware”, “Watson” kimi superkompüterlərin imkanlarından yararlanır.

 

T.Mustafayev “Watson” superkompüterinin göstəriciləri barədə məlumat verərək qeyd etdi ki, bu  superkompüterin intellektual sistemə əsaslanan verilənlər bazasında 600 minə yaxın tibbi arayış və xəstəlik tarixçəsi, 2 milyona yaxın elmi məqalə yerləşdirilib. Sistem, həmçinin biotibbi ədəbiyyatları və müvafiq dərman preparatlarını analiz edir: “Watson” superkompüteri hər yeni xəstəyə diaqnoz qoymaqla və müalicə üsulu seçməklə sistemə yeni məlumatlar daxil edərək özünü inkişaf etdirir. Bu isə, növbəti xəstələr üçün daha effektiv müalicə üsullarının seçilməsinə kömək edir”.

 

Bildirdi ki, bu superkompüter individual genetik məlumatları istifadə edərək onları süzgəcdən keçirir və tibbi ədəbiyyatda göstərilən məlumatlarla qarşılaşdıraraq uyğun müalicə üsulları təqdim edir. “Hər pasiyentə uyğun müalicə üsullarının seçilməsi xəstələrin sağalma faizində irəliləyişə səbəb olacaq”, – deyə bildirən məruzəçi qeyd etdi ki, bu superkompüterin xərçəng əmələ gətirən genetik mutasiyaları hədəf alan xüsusi müalicə üsullarının seçilməsinə imkan verəcəyi gözlənilir.

 

Məruzə ətrafında müzakirələr aparıldı, təklif və tövsiyələr səsləndirildi.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024