Müasir dövrdə elektron mühitdə informasiyanın həcmi sürətlə artır. Yeni texnologiyaların tətbiqi ilə yaranan elektron kitabxanalar bəşəri dəyərlərə malik olan bu informasiyanın və müxtəlif rəqəmsal resursların geniş istifadəçi kütləsi üçün əlyetərliliyini təmin etməklə yanaşı, onların saxlanması, idarə olunması və gələcək nəsillər üçün qorunmasını təmin edir. Bu kimi sistemlər müxtəlif növ rəqəmsal resursların strukturlaşdırılmış verilənlərini – onları təsvir edən metaverilənləri də özündə birləşdirir. Metaverilənlər elmi-tədqiqat verilənlərinin toplanması, analizi və inteqrasiyası baxımından böyük əhəmiyyətə malikdir.
Bu fikirləri AMEA İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi Aybəniz Əliyeva institutun elmi seminarında çıxışı zamanı səsləndirib.
“Elektron kitabxanalar: Big Data imkanları və problemləri” mövzusunda məruzəni təqdim edən A.Əliyeva Big Data-nın kitabxanalar və kitabxanaçılar üçün yaratdığı imkanlar və rast gəlinən problemlər barədə məlumat verib. Bu sahədə ABŞ-ın Konqres Kitabxanası, Dünya Rəqəmsal Kitabxanası, Britaniya Kitabxanası, Avstraliya Milli Kitabxanası, Corciya Rəqəmsal Kitabxanası və s. təcrübəsindən danışan A.Əliyeva hazırda bu kitabxanalarında informasiyanın təşkili, çeşidlənməsi və axtarışını asanlaşdırmaq, informasiyanın uzunmüddətli saxlanmasını təmin etmək məqsədilə mədəni irsin rəqəmsallaşdırıldığını söyləyib.
“Son illər rəqəmsal resursların toplanması, idarə olunması və saxlanması sahəsində kitabxanaçıların hazırlanmasına böyük diqqət yetirilir”, – deyə bildirən məruzəçi kitabxana və informasiya mərkəzlərində kitabxanaçıların verilənlərlə işləmək bacarıqlarının artırılması məqsədilə tədris proqramlarının həyata keçirildiyini diqqətə çatdırıb.
Bu sahədə mövcud problemlərdən danışan A.Əliyeva qeyd edib ki, internetdə bir çox mənbələrdən daxil olan müxtəlif növ verilənlərin saxlanması, idarə olunması, emalı və birgə əməkdaşlıq imkanlarının yaradılması Big Data-nın əsas problemlərindəndir. O, həmçinin elmi-tədqiqat kitabxanalarında toplanmış və analiz olunmuş böyük həcmli verilənlərin lokal şəkildə idarə olunması və saxlanması kimi problemlərin mövcud olduğunu nəzərə çatdırıb.
Məruzə ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.