Elektron kitabxanalar ölkədə yeni informasiya infrastrukturunun yaradılmasında mühüm rol oynayır 2016-04-26 12:21:31 / KONFRANSLAR

 

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 1 saylı şöbənin növbəti elmi seminarı keçirildi.

 

“Elektron kitabxana konsepsiyasının xüsusiyyətləri” mövzusunda məruzəni təqdim edən institutun sektor müdiri, texnika üzrə fəlsəfə doktoru Rəna Qasımova elektron kitabxanaların yaradılması problemləri, təşkilati prinsipləri, milli elektron kitabxanaların əsas vəzifələri və s. barədə danışdı. Bildirdi ki, elektron kitabxanaların yaradılmasında tətbiq olunan texnologiyalar böyük həcmli verilənlərin idarə edilməsi və onların emalı üçün geniş imkanlar təqdim edir.

 

“Hazırda elektron kitabxanalar ölkədə yeni informasiya infrastrukturunun yaradılmasında mühüm rol oynayır”, – deyə bildirən məruzəçi bu kitabxanaların elektron informasiya fəzasının mədəni və elmi seqmentinin sosiallaşdırılması məsuliyyətini öz üzərinə götürmək imkanına malik olduğunu qeyd etdi.

 

Elektron kitabxanaların yaradılmasının texnoloji, texniki və hüquqi problemləri haqqında məlumat verərək bu problemlərin elektron sənədlərin təsviri, ənənəvi nəşrlərin elektron formaya köçürülməsi metodikası və elektron sənədlərə müəllif hüquqlarının şamil edilməsi ilə əlaqədar olduğunu diqqətə çatdırdı.

 

Elektron kitabxanaların elektron kataloq və kitabların mətnlərinin elektron variantından ibarət olduğunu söyləyən R.Qasımova bu kitabxanaların texniki olaraq lokal şəbəkədə birləşmiş, şəbəkə əməliyyat sistemi ilə idarə edilən müxtəlif konfiqurasiyalı fərdi kompüterlərdə reallaşdırıldığını vurğuladı.

 

Milli elektron kitabxanaların əsas vəzifələrini nəzərə çatdıran məruzəçi e-kitabxanaların elektron sənədlərin milli fondunun yaradılması, toplanılması və uzun müddət saxlanılmasının və istifadəçilərin elektron sənədlərə çıxışının təmini, milli elektron kitabxanaların fəaliyyəti, onun resursları və servisləri, həmçinin onlardan istifadə qaydaları və şərtləri haqqında operativ informasiya sisteminin işlənilməsi və s. baxımından böyük əhəmiyyətə malik olduğunu söylədi.

Mövzu ətrafında geniş fikir mübadiləsi aparıldı. Məruzəçi seminar iştirakçılarının suallarını cavablandırdı.

 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024