Lütfi Zadə “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”na layiq görülüb 2016-04-26 12:10:19 / KONFRANSLAR

 

Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə (Lütfi Rəhim oğlu Ələsgərzadə) qeyri-səlis çoxluqlar və məntiq nəzəriyyəsinin yaradılması və inkişafındakı misilsiz xidmətlərinə görə AMEA-nın təltif etdiyi ən yüksək mükafata – “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”na layiq görülüb. Bu haqda qərar AMEA Rəyasət Heyətinin iclasında qəbul olunub.

 

Lütfi Zadə bir çox xarici ölkə akademiyalarının üzvüdür. O, çox sayda mötəbər cəmiyyətlər və fondların mükafatlarına layiq görülmüş, medallarla təltif edilmişdir. Onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktorudur. Dünya şöhrətli alim, həmçinin ABŞ Milli Mühəndislik Akademiyasının, Rusiya Təbiət Elmləri Akademiyasının üzvü, fəxri akademiki seçilmişdir.

 

Lütfi Zadə 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına görə Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafat – “Honda” mükafatı ilə təltif olunub.

 

Qeyd edək ki, alim, həmçinin AMEA İnformasiya Texnologiyaları İnstitutunun “İnformasiya texnologiyaları problemləri” və “İnformasiya cəmiyyəti problemləri” elmi-praktiki jurnallarının fəxri baş redaktorudur.

 

AMEA İnformasiya Texnologiyaları İnstitutunun kollektivi dünya şöhrətli alim Lütfi Zadəni təbrik edir, ona möhkəm can sağlığı, elmi fəaliyyətində yeni nailiyyətlər arzulayır. 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024