Elektron kitabxanalarda biometrik texnologiyaların tətbiqi günün vacib tələblərindəndir 2016-04-22 12:29:06 / KONFRANSLAR

 

Müasir dövrdə elmi-texniki tərəqqi biometrik texnologiyaların sürətli inkişafına təkan verib. Biometrik texnologiyaların tətbiqi beynəlxalq terrorizm, transmilli mütəşəkkil cinayətkarlıq, habelə silah və narkotiklərin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiyalar kimi təhlükəli fəaliyyətlərin qarşısının alınmasında mühüm rol oynayır.

 

Bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Şəfəqət Mahmudova institutun 9 saylı şöbəsinin elmi seminarında çıxışı zamanı bildirib. “Elektron kitabxanalarda biometrik texnologiyaların tətbiqi imkanları” mövzusunda məruzəni təqdim edən Ş.Mahmudova qeyd edib ki, biometrik xarakteristikalara barmaq izləri, əlin forması, gözün qüzehli qişası, səsin parametrləri, sifətin elementləri və s. aid edilir. Biometrik texnologiyalardan hökumət səviyyəsində, iqtisadiyyat və elmi-texniki sahələrdə, eləcə də kriminalistikada geniş istifadə olunur.

 

Onun sözlərinə görə, dünyada eyni biometrik əlamətlərə malik iki insan tapmaq mümkün deyil. Bu baxımdan biometrik texnologiyalardan istifadə olduqca etibarlıdır. Biometrik identifikasiya zamanı məlumatlar xüsusi qurğu və ya skaner vasitəsilə rəqəmsal formaya çevrilir, təhlükəsizliyi təmin edilmiş verilənlər bazasında saxlanılır. İstifadəçi sistemə daxil olmaq istədikdə mikrofon, skaner və ya digər qurğuların köməyilə sistemə şəxsi biometrik parametrlərini daxil edir. Sistem həmin şəxsin biometrik göstəricilərini müəyyən edərək verilənlər bazasındakı məlumatlarla müqayisə edir və bunun əsasında insanın identifikasiyası baş verir.

 

“Müasir texnologiyaların sürətli inkişafı ilə yanaşı, təhlükəsizlik qaydalarının pozulması halları da artmaqdadır. Bütün müəssisələrdə olduğu kimi, elektron kitabxanalarda da biometrik texnologiyaların tətbiqinə böyük ehtiyac vardır”, – deyə bildirən məruzəçi elektron kitabxanalarda barmaq izləri üzrə identifikasiyanın digərləri ilə müqayisədə bir sıra üstünlüklərə (icazəsiz və ya qanunsuz istifadənin, oğurluq hallarının qarşısının alınması, təhlükəsizliyin yüksək səviyyədə təmin olunması və s.) malik olduğunu söyləyib.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024