“Şəbəkə mühitində bulud servislərinin sintezi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işi müzakirə olunub 2016-04-18 17:22:27 / KONFRANSLAR

 

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 4 saylı şöbənin növbəti elmi seminarı keçirilib. Tədbiri giriş sözü ilə açan institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov iclasın texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya işinin müzakirəsinə həsr olunduğunu bildirib.

 

Sonra iddiaçı Məmməd Həşimov 1203.01 – “Kompüter elmləri” ixtisası üzrə “Şəbəkə mühitində bulud servislərinin sintezi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işinin aktuallığı, məqsədi, məqsədə çatmaq üçün müəyyən olunmuş məsələləri diqqətə çatdırıb.

 

“Aparılan tədqiqatlar göstərir ki, nəhəng şirkətlərin (Intel, IBM, Google, HP, Cisco və s.) Verilənlərin Emalı Mərkəzlərinin (VEM) resurslarının 60-80 faizindən səmərəli istifadə olunur. Bu halda, VEM-in istifadəsiz qalan hesablama və yaddaş resurslarından şəbəkəyə qoşulmuş istifadəçilərin mürəkkəb məsələlərinin həllində istifadə etmək olar”, – deyə məruzəçi bildirib. Qeyd edib ki, hazırda dünyada bulud texnologiyalarının köməyilə VEM-in hesablama və yaddaş resurslarından səmərəli istifadə edilməsi istiqamətində intensiv tədqiqat işləri aparılır. Bu baxımdan bulud texnologiyaları əsasında VEM-in resurslarından şəbəkə istifadəçiləri arasında səmərəli istifadə olunması aktual məsələlərdəndir.

 

M.Həşimov bildirib ki, dissertasiya işinin məqsədi bulud texnologiyaları əsasında VEM hesablama və yaddaş resurslarının istifadəçilər arasında optimal paylanması üçün metod və alqoritmlərin işlənilməsidir.

 

İddiaçı tədqiqat işində bulud texnologiyalarının müasir vəziyyəti və inkişaf perspektivlərinin araşdırıldığını, kompüter şəbəkələri əsasında paylanmış hesablama sistemlərinin təhlil edildiyini, bulud texnologiyaları əsasında istifadəçilərin məlumatlarının yaddaş qurğularında dinamiki  paylanması  üçün metod və alqoritmin təklif olunduğunu nəzərə çatdırıb.

 

Bildirib ki, dissertasiyada VEM-də hesablama və yaddaş resurslarının istifadəçilər arasında optimal paylanması modeli işlənilmiş, e-dövlət və e-kitabxana mühitində bulud texnologiyalarının sintezi üçün model təklif olunmuş, bulud texnologiyaları xidmətlərinin AzScienceNet elm kompüter şəbəkəsi üzərində yaradılması, təhlükəsizlik problemləri və onların həlli yolları analiz edilmişdir.

 

Sonra mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. İddiaçı çoxsaylı sualları cavablandırıb. Təklif və tövsiyələr səsləndirilib.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024