AMEA İnformasiya Texnologiyaları İnstitutunun Dissertasiya şurasının növbəti iclasında dissertant Elçin Məmmədovun texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 3356.01 – “Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq” ixtisası üzrə “Müasir elektron kitabxana şəbəkəsinin yaradılması mexanizmlərinin işlənməsi” adlı dissertasiya işi müzakirə olunub. İddiaçı işin aktuallığı, məqsədi və bu məqsədə çatmaq üçün qarşıya qoyulmuş məsələləri nəzərə çatdırıb.
E.Məmmədov qeyd edib ki, dissertasiya işinin məqsədi respublikada mərkəzləşdirilmiş, qlobal standartlara uyğun, inteqrasiya və müxtəlif tətbiq imkanlarına malik, müasir informasiya xidmətləri təqdim edə bilən elektron kitabxana şəbəkəsinin nəzəri və təcrübi mexanizmlərinin işlənilməsidir.
Dissertasiya işinə dair təyin olunan rəyçilər – filologiya üzrə elmlər doktoruAybəniz Əliyeva-Kəngərli və texnika üzrə fəlsəfə doktoru Nigar İsmayılova irad və təkliflərini səsləndiriblər.
Sonda dissertasiya işinin növbəti mərhələyə keçirilməsi tövsiyə olunub.