Distant tədris mərkəzləri Azərbaycan elminin dünya elmi mühitinə inteqrasiyasını təmin edəcək 2016-04-07 13:14:03 / KONFRANSLAR

 

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Distant Tədris Mərkəzi ilə AMEA Naxçıvan Bölməsi arasında ilk dəfə onlayn rejimdə informatika elminin müxtəlif sahələrinə dair mühazirələrin dinlənilməsi məqsədilə AMEA-nın AzScienceNet elm kompüter şəbəkəsi (EKŞ) üzərindən canlı bağlantı yaradıldı. Naxçıvan Dövlət Universiteti və AMEA Gəncə Bölməsi də bağlantıya qoşulmuşdu. Videokonfrans sistemi vasitəsilə baş tutan tədbiri giriş sözü ilə açan institutun direktoru, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyevöncə iştirakçıları AMEA rəhbərliyi adından salamladı.

 

Alim bildirdi ki, elektron elm ölkədə elmi qurumların fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi və vahid onlayn elmi infrastrukturun formalaşdırılması məqsədi daşıyır. Nəticədə elmi-texniki informasiya və hesablama resurslarına çıxışı olan elmi təşkilat və alimlərin virtual məkanda birgə fəaliyyəti təmin olunur. Hazırda ölkədə, xüsusilə də regionlarda elektron elmin inkişaf etdirilməsi, təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, səhiyyə, iqtisadiyyat və digər sahələrdə informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə prioritet istiqamətlərdəndir.

 

R.Əliquliyev ölkədə informasiya cəmiyyətinin formalaşdırılması, İKT-nin bütün sahələrə geniş tətbiqi istiqamətində görülən işlərdən, qəbul edilən dövlət proqramlarından söz açdı. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda alimlərin qarşısında xüsusi vəzifələr qoyulduğunu, regionların sürətli inkişafının təmin olunmasının ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi olduğunu qeyd etdi.

 

Akademik son zamanlar Azərbaycan Milli Elmlər Akademiyasında aparılan genişmiqyaslı islahatlardan bəhs edərək regionlarda İKT-nin tətbiqi ilə bağlı AMEA rəhbərliyi və Rəyasət Heyəti tərəfindən xüsusi qərarların qəbul edildiyini diqqətə çatdırdı. Qeyd etdi ki, bu qərarlardan biri də AMEA Rəyasət Heyətinin AMEA Naxçıvan Bölməsində Distant Tədris Mərkəzinin yaradılması haqqında qərarıdır. Qərara əsasən, İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri tərəfindən AMEA Naxçıvan Bölməsində Distant Tədris Mərkəzi yaradılıb. 2015-ci ildə AMEA Naxçıvan bölməsi ilə Rəyasət Heyətinin birgə səyyar iclasında bölmənin Distant Tədris Mərkəzinin açılış mərasimi keçirilib.

 

“Artıq bir neçə ildir ki, Naxçıvan Dövlət Universitetində, eləcə də Gəncədə fəaliyyət göstərən elmi-tədqiqat müəssisələri və universitetlərdə Distant Tədris Mərkəzi vasitəsilə informatika fənninin tədrisi həyata keçirilir. Bu gündən Distant Tədris Mərkəzində tədris olunan mühazirələr, eyni zamanda AMEA Naxçıvan Bölməsinin doktorantları üçün də əlçatan olacaq. Bununla da AMEA-nın ümumi infrastrukturu çərçivəsində informatika fənni beynəlxalq standartlara uyğun olaraq tədris ediləcək”, – deyə R.Əliquliyev bildirdi.

 

Alim Naxçıvanda Distant Tədris Mərkəzinin yaradılmasının əhəmiyyətini vurğulayaraq bu mərkəzin Naxçıvan və digər bölgələr, eləcə də dünyanın aparıcı elmi-tədqiqat müəssisələri arasında elm və təhsil körpüsü olacağını, doktorant və dissertantların məsafədən təhsil alması, onlayn seminar və konfransların keçirilməsi, Bakıya gələn mötəbər qonaqların və nobel mükafatı laureatlarının bir araya toplanması, alimlər arasında ölkədaxili, həmçinin beynəlxalq əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi üçün geniş imkanlar yaratdığını söylədi. Qeyd etdi ki, bu virtual körpü vasitəsilə ölkədə vahid inteqrativ elm və təhsil mühiti yaradılacaq.

 

R.Əliquliyev, həmçinin akademiyanın institut və təşkilatlarını müasir şəbəkə xidmətləri ilə təmin edən AzScienceNet EKŞ-nin geniş imkanlarından söz açdı. Bildirdi ki, elm və təhsil şəbəkələri üzrə milli operator olan AzScienceNet Avropa Komissiyasında Azərbaycanı uğurla təmsil edir. 2016-cı ildə AzScienceNet-in Avropa üzrə bütün elm və təhsil qurumlarına şəbəkə xidməti göstərən GEANT şəbəkəsinə 1 Gbit/san sürətlə çıxış imkanı əldə etməsi planlaşdırılır ki, bununla da Azərbaycan Avropanın elm və təhsil mühitinə inteqrasiya olunacaq. Bu imkanlardan regionlarda fəaliyyət göstərən elmi-tədqiqat müəssisələri və universitetlər də yararlana biləcəklər.

 

Sonda akademik AMEA Naxçıvan Bölməsinin Distant Tədris Mərkəzinin fəaliyyətə başlaması münasibətilə Naxçıvan elmi ictimaiyyətini, o cümlədən bölmənin əməkdaşlarını təbrik etdi. Onlara gələcək fəaliyyətlərində uğurlar dilədi.

 

Sonra çıxış edən AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevbölmənin Distant Tədris Mərkəzinin yaradılmasını dünyanın aparıcı elmi-tədqiqat müəssisələri və universitetləri ilə beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi baxımından təqdirəlayiq hal kimi qiymətləndirdi. Bölmənin əməkdaşları adından AMEA rəhbərliyinə və Rəyasət Heyəti üzvlərinə mərkəzin açılışında göstərdikləri dəstəyə görə təşəkkürünü bildirdi.

 

Videokonfrans AMEA İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri tərəfindən mühazirələrin oxunması ilə davam etdirildi.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024