Müasir dövrdə texnoparkların yaradılması elmi-texnoloji nailiyyətlərə əsaslanan iqtisadiyyatın davamlı inkişafına və onun rəqabət qabiliyyətinin artırılmasına xidmət edir. Texnoparklar, həmçinin innovasiya və yüksək texnologiyalar sahələrinin genişləndirilməsinə və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin təşkilinə, innovasiya şirkətlərinin formalaşdırılmasına, təhsil-elmi tədqiqat-sənaye arasında qarşılıqlı əlaqələrin təkmilləşdirilməsinə yeni imkanlar yaradır.
Bu haqda AMEA İnformasiya Texnologiyaları İnstitutunun 8 saylı şöbəsinin seminarında çıxış edən institutun böyük elmi işçisi Roza Şahverdiyeva “Texnoparkların yaradılması və idarə olunması problemlərinin təhlili” mövzusunda məruzəsində bildirib .
Məruzəçi müasir dövrdə texnoparkların ixtisaslaşdığı fəaliyyət sahələri, həmçinin onların fəaliyyət göstəriciləri və müasir idarəetmə texnologiyaları, gələcəyin innovativ istehsal müəssisəsinin inkişaf istiqamətləri, intellektual sistemlərin tətbiqi, idarəetmədə insan faktorunun rolunun artırılması kimi problemlər barədə məlumat verib.
Texnoparkların idarəedilməsi üzrə rast gəlinən problemlərdən söz açan məruzəçi bu problemlərin inkişafın planlaşdırılması, fəaliyyətin təşkili, fəaliyyətin motivasiyası və dövlət nəzarəti üzrə problemləri əhatə etdiyini vurğulayıb.
Məruzə ətrafında müzakirələr aparılıb, təklif və tövsiyələr səsləndirilib.