AMEA İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirildi. İnstitutun böyük elmi işçisi Tamilla Bayramova “Proqram mühəndisliyində süni intellekt problemləri” haqqında məruzə ilə çıxış etdi. İnformasiya cəmiyyətində əsaslı dəyişikliklərə səbəb olan yeni texnologiyaların yaradılması, öyrənilməsi və bu sahədə fundamental araşdırmaların aparılmasının vacibliyini qeyd etdi. Bildirdi ki, son illər süni intellektə əsaslanan proqramların işlənilməsi proqram mühəndisliyinin mühüm nailiyyətlərindəndir. Süni intellektin məqsədi insan beyninin mikrostrukturuna oxşar modelə əsaslanan və mürəkkəb məsələləri insan kimi həll etməyə imkan verən yeni nəsil adaptiv metod və alqoritmlərin yaradılmasıdır.
Süni intellektin yaradılması zamanı idrakın və əks əlaqəli neyroşəbəkələrin modelləşdirilməsi, qeyri-səlis modellər, genetik alqoritmlər, ekspert sistemlərinin işlənilməsi, obyektlərin, mətnlərin və nitqin tanınması, məntiqi proqramlaşdırma, robototexnika kimi istiqamətlər üzrə model və alqoritmlərin işlənilməsi və proqramlaşdırılması həyata keçirilir.
Süni intellekt sahəsində əsas yer tutan ekspert sistemləri mütəxəssisin müəyyən sahəyə uyğun professional götəricilərinə əsaslanan, daxili məntiqə malik, baxılan məsələnin həllini təmin edən insan-maşın kompleksi olduğunu söyləyən T.Bayramova diaqnostik, layihələndirən, planlaşdıran, monitorinq, nəzarətçi və s. kimi ekspert sistemlərinin fərqləndirildiyini diqqətə çatdırdı.
Məruzəçinin sözlərinə görə, proqram təminatının təhlükəsizliyi məsələlərinin həllində süni intellekt texnologiyalarına əsaslanan, sərbəst işləyə bilən və yeni şərtlərə daha tez uyğunlaşan sistemlərin yaradılmasına ehtiyac duyulur. Məhz bu kimi sistemlər dəyişən şərtlərdə fasiləsiz olaraq mühitə uyğunlaşa və yeni biliklər əldə edə bilərlər.
Sonda mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı.