Ümumdünya hörümçək torunun ixtiraçısı Tim Berners-Li rəqəmsal əsr üçün interneti hökumətlərin müdaxiləsindən mühafizə edən yeni qaydaların – “Qlobal konstitusiya”nın hazırlanmasının vacibliyini vurğulayıb.
“Hazırda Ümumdünya hörümçək toru üçün qanunvericilik bazasının formalaşdırılması zərurəti yaranıb. Qlobal konstitusiyanın işlənilməsinə böyük ehtiyac var”, – deyə bildirən alim hər kəs üçün əlçatan olan, insan hüquqlarına riayət edilməsinə zəmanət verən və internet istifadəçilərinə öz ideyalarını reallaşdırmağa imkan verən internet mühitin yaradılmasının mümkün olacağına əmindir.
Alimin sözlərinə görə, internet zamanla sadə informasiya mübadiləsindən elektron ticarətə qədər bir çox imkanlara malik vahid dünya oldu. Lakin hökumətlər və digər strukturlar internetdən insanların şəxsi məlumatlarının toplanılması məqsədilə istifadə edirlər. Bu da insan hüquqları haqqında qanunlara yenidən baxılmasını zəruri edir.
Tim Berners-Linin fikrincə, gələcəkdə bəşəriyyət üç məsələ ətrafında düşünməlidir: planet əhalisinin internetə girişi olmayan üçdə iki hissəsinin Ümumdünya hörümçək toruna qoşulmasının təmin olunması, insanların şəxsi məlumatlarının toplanılması hüququna malik olan şəxslərin və bu məlumatlardan istifadə olunma məqsədlərinin müəyyənləşdirilməsi, yüksək sürətin istənilən qurğuda işləmək qabiliyyətinə malik açıq arxitekturunun yaradılması.
Qeyd edək ki, alimin hələ 1989-cu il martın 12-də Avropa Nüvə Tədqiqatları Mərkəzinin (frans. Conseil Européen pour la Recherche Nucléaire – CERN) müzakirəsinə təqdim etdiyi “İnformasiyanın idarə olunmasına dair təklif” məruzəsində Ümumdünya hörümçək torunun konseptual əsasını təşkil edən “Mesh” adlı qlobal hipermətn sistemi təsvir edilib.