Almaniyada doktorantura təhsili və elmi tədqiqat imkanları mövzusunda seminar keçirildi 2013-09-23 10:50:50 / KONFRANSLAR

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Almaniyada doktorantura təhsili və elmi tədqiqat imkanları” mövzusunda seminar keçirildi. Tədbir Almaniyada təhsil və tədqiqat xərclərinin maliyələşdirilməsi üçün nəzərdə tutulan təqaüd proqramları, doktorantura təhsili və elmi tədqiqat imkanlarının təbliği məqsədini daşıyırdı. 

Tədbir Azərbaycan Milli Elmlər Akademiyası, İnformasiya Texnologiyaları İnstitutu və Alman Akademik Mübadilə Xidməti (DAAD) tərəfindən təşkil edilib. 

Seminarda DAAD-ın Bakı Məlumat Mərkəzinin direktoru Nikola Uliş (Nicola Ullisch), AMEA Rəyasət Heyətinin Mərkəzi Aparatının Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, fizika-riyaziyyat elmləri doktoru, professor, Ədalət Həsənov, institut və təşkilatların doktorant və dissertantları, alim və mütəxəssisləri, həmçinin KİV nümayəndələri iştirak edirdilər. 

Tədbiri giriş sözü ilə açan AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov son zamanlar institutda beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrdən söz açdı. Bu gün Azərbaycan alimlərinin beynəlxalq elmi mühitə inteqrasiyası üçün dünyanın nüfuzlu elm və təhsil müəssisələri ilə əlaqələrin qurulmasının vacib məsələlərdən olduğunu bildirdi. R.Ələkbərov Alman Akademik Mübadilə Xidməti ilə keçirilən görüşlərin bu sahədə mühüm irəliləyişlərin əldə olunmasında önəmli rol oynayacağını dedi. Təcrübəli mütəxəssislərlə bu kimi seminar və treninqlərin keçirilməsinin ənənəvi xarakter almasının vacibliyini nəzərə çatdırdı. 

AMEA Rəyasət Heyətinin Mərkəzi Aparatının Beynəlxalq Əlaqələr İdarəsinin rəisi professor Ədalət Həsənov akademiyada beynəlxalq əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində məqsədyönlü işlərin həyata keçirildiyini bildirdi. Azərbaycan və alman elmi tədqiqat institutları arasında körpü rolunu oynayan DAAD-ın gənc alimlər və elmi qurumların səmərəli fəaliyyəti üçün əhəmiyyətini diqqətə çatdırdı. 

Təmsil etdiyi təşkilat barədə ətraflı məlumat verən məruzəçi N.Uliş Almaniyanın aparıcı dövlət qurumunun dünyada tələbə və alimlərin beynəlxalq mübadiləsinə maliyə dəstəyi verən ən böyük təşkilat olduğunu vurğuladı. Qeyd etdi ki, təşkilatın qlobal şəbəkəsi 14 regional ofis və 51 informasiya mərkəzindən ibarətdir. Fəaliyyətə başladığı ildən etibarən təşkilat Almaniya və digər ölkələrdən 1,5 milyondan çox alim və tələbəyə maliyə dəstəyi göstərmişdir. Əsas məqsəd elmi mübadilə vasitəsilə xarici ölkələrlə akademik münasibətləri dəstəkləməkdən ibarətdir. 

Bildirdi ki, DAAD Almaniyanın elmi tədqiqat institutları və ali məktəblərinə qəbul edilmiş tələbələrin maliyə problemlərini həll etməklə yanaşı, tədqiqatçılar üçün bu ölkənin elm və təhsil müəssisələri ilə davamlı əməkdaşlıq əlaqələrinin qurulması və karyeraya başlamaq üçün geniş imkanlar yaradır. Ali təhsilin bütün pillələri üçün təqaüd proqramları nəzərdə tutan təşkilat həmçinin Almaniyada qısa və uzunmüddətli tədqiqatların aparılması üçün imkanlar təklif edir. 

Sonra DAAD-ın azərbaycanlı təqaüdçülərindən biri olan Fərid Seyfullayev bu proqramlarda iştirak etmək üçün qoyulan tələblər, elmi-tədqiqatın ilkin layihəsinin hazırlanması qaydası, layihələrin növləri, əsas tədqiqat sahələri və s. haqqında ətraflı məlumat verdi. Təqaüd proqramlarına qoşulmaq üçün ingilis və ya alman dili biliyinin zəruriliyini diqqətə çatdırdı. Proqrama tədqiqatçının Almaniyada yaşayış xərcləri ilə yanaşı, yol və sığorta xərclərinin də daxil olduğunu dedi. 

Qeyd etdi ki, sözügedən təqaüd proqramlarında iştirak etmək üçün tələb olunan sənədləri 31 oktyarbr 2013-cü il tarixinədək təşkilatın ofisinə təqdim etmək lazımdır. 

Tədbirdə həmçinin hər iki ölkənin müvafiq tədqiqat institutları ilə davamlı fəaliyyətin təşkili və alman təcrübəsinin öyrənilməsi istiqamətində birgə layihələrin həyata keçirilməsi, kadr və təcrübə mübadiləsi məsələləri ilə bağlı müzakirələr aparıldı. 

Sonda məruzəçi çoxsaylı sualları cavablandırdı.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024