Rekord tutuma malik-15,36 Tb həcmində yeni SSD buraxılıb. “Samsung” şirkətindən bildiriblər ki, yeni daşıyıcı sərt diskdən min dəfə sürətlidir. Fləş daşıyıcı verilənlər mərkəzlərində verilənlərin qorunması sistemlərinin qurulması uçün nəzərdə tutulub.
V-NAND texnologiyası üzrə hazırlanan daşıyıcı 512 fləş-yaddaş çipindən yığılıb. Hər bir çip 32 QB tutuma malikdir. Çip yaddaşlarla bərabər SSD-yə 16 QB əməli yaddaş daxil edilib.
Daşıyıcı məlumatların ötürülməsi sürəti 12 Qbit/s təşkil edən “Serial Attached SCSI” (“SAS”) interfeysi ilə təchiz edilib. Təsadüfi oxuma rejimində yeni daşıyıcının maksimal sürəti saniyədə 200 min giriş-çıxış əməliyyatı (IOPS), təsadüfi yazma rejimində isə 32 min IOPS təşkil edir. Şirkətidən bildiriblər ki, bu, analoji interfeysə malik sərt diskin işləmə sürəti ilə müqayisədə min dəfə çoxdur.
Ardıcıl oxuma və yazma rejimlərində daşıyıcının maksimal işləmə sürəti 1200 Мb/s-dir. Bu SATA interfeysi ilə işləyən ənənəvi SSD ilə müqayisədə iki dəfədən artıq sürət deməkdir.