AzScienceNet-in infrastrukturunun genişləndirilməsi işləri davam etdirilir 2013-09-10 10:29:32 / KONFRANSLAR

Məlumdur ki, 2013-cü ilin “İnformasiya-kommunikasiya Texnologiyaları ili” elan edilməsilə bağlı Tədbirlər Planında AzScienceNet elm kompüter şəbəkəsinin (EKŞ) ölkə üzrə infrastrukturunun inkişaf etdirilməsi nəzərdə tutulur. Bu məqsədlə İnformasiya Texnologiyaları İnstitutunda AMEA institut və təşkilatlarının müasir intellektual kommutatorlar və digər zəruri texniki avadanlıqlarla təchiz olunması, verilənlərin mübadiləsinin sürətləndirilməsi və etibarlığının artırılmasını təmin etmək üçün yeni fiber-optik kabel şəbəkəsinin yaradılması istiqamətində məqsədyönlü işlər aparılır. 

Layihə çərçivəsində AMEA Neft-Kimya ProsesləriGenetik Ehtiyatlar, həmçinin Torpaqşünaslıq və Aqrokimya İnstitutlarının lokal kompüter şəbəkələri fiber-optik kabel vasitəsilə AzScienceNet EKŞ-nə qoşulmuşdur. Bununla da həmin institutlar beynəlxalq İnternet şəbəkəsinə yüksəksürətli çıxış imkanı ilə təmin olunmuşlar. 

İnstitutun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərovun sözlərinə görə, görülən işlər müvafiq qurumların gələcək fəaliyyətinin daha səmərəli təşkilinə, alim və mütəxəssislərinin Avropa elmi mühitinə inteqrasiya olunmasına, həmçinin dünyanın tanınmış beynəlxalq elmi bazalarından geniş istifadəsinə imkan yaradacaq. 

R.Ələkbərov qeyd edib ki, cari ilin sonuna kimi AMEA-nın bütün institut və təşkilatlarının lokal kompüter şəbəkələrinin fiber-optik kabel vasitəsilə AzScienceNet-ə qoşulması planlaşdırılır. 

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2020