Şəxsi büdcəyə nəzarət üçün milli proqram təminatı yaradılıb 2016-03-02 11:24:55 / KONFRANSLAR

 

Bu gün İKT sektoru ölkəmizin davamlı  inkişafının təmin edilməsi, intellektual potensialının gücləndirilməsi, biznesin irəliləməsi üçün əlverişli vasitə olaraq qəbul edilir. Bu istiqamətdə fəaliyyət göstərən  biznes layihələr Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkında daim diqqət mərkəzində saxlanılır və onların inkişaf etdirilməsi istiqamətində  müvafiq işlər aparılır.
 

Bu biznes layihələrdən biri olan və hazırda Yüksək Texnologiyalar Parkında fəaliyyət göstərən "PES" şirkəti şəxsi xərclərin izlənməsi üçün  "İsraff" adlanan proqram təminatı hazırlayıb. Qeydiyyatı ödənişsiz olan proqramın həm mobil, həm də veb versiyaları mövcuddur. Mobil versiya xərclərin asan və sürətli daxil edilməsi üçün daha əlverişlidir. Mobil avadanlıqdan daxil edilən bütün informasiyalar server ilə eyniləşdirilir. Amma daxiletmə anında mobil avadanlıqda internet əlaqəsinin olması zəruri deyil. Proqram "bulud texnologiyası" məntiqi ilə işləyir, bütün informasiyalar həm mobil avadanlıqda, həm də serverdə saxlanılır, bunlar arasında informasiya mübadiləsini aparan servis də mövcuddur.
 

Misal üçün, siz mobil telefonunuzdan xərcinizi daxil edirsiniz, sonra asudə vaxtınız  olduğu zaman kompüterinizdən brauzer vasitəsi ilə daxil olaraq həmin xərci kateqoriyalar (nəqliyyat, yemək, təhsil və s.) üzrə bölürsünüz.
 

Əgər siz yalnız özünüz üçün deyil, həm də ailə üzvləriniz və biznesinizə də pul xərcləyirsinizsə, "kimə" parametri üzrə həmin şəxsin adını daxil edin. Bundan əlavə  hər bir xərc üzrə zərurilik dərəcəsini də qeyd etmək mümkündür. Bütün daxil etdiyiniz informasiyalar əsasında siz ayın sonunda nəyə və kimə nə qədər pul xərclədiyinizi və bu xərclərdən hansıların sizin üçün daha əhəmiyyətli olduğunu öyrənə biləcəksiniz.
  

Mərkəzi Bankın cari kursu əsasında proqramda multivalyuta əməliyyatları aparmaq imkanı da var. Proqram Azərbaycan, rus və ingilis dillərindədir.

 

ictnews.az

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024