“Elmi problemlər reyestri” informasiya sisteminin və Elmi problemlər üzrə elmi şuraların veb-saytlarının yaradılması istiqamətində tədbirlər görülür 2016-02-29 15:32:50 / KONFRANSLAR

 

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında şöbə müdiri Təhmasib Fətəliyev Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası üçün “Elmi problemlər reyestri” informasiya sisteminin və Elmi problemlər üzrə elmi şuraların veb-saytlarının yaradılması haqqında məruzə ilə çıxış edib.

 

Bildirib ki, məqsəd Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası və Elmi problemlər üzrə elmi şuraların fəaliyyətinin informasiya texnologiyalarının tətbiqi ilə müasir informasiya cəmiyyətinin tələblərinə uyğun inkişaf etdirilməsi və yaradılan informasiya resurslarında müntəzəm olaraq öz əksini tapan məlumatların analizi ilə elmin idarə olunmasına dəstək verilməsidir.

 

Məruzəçinin sözlərinə görə, “Elmi problemlər reyestri” informasiya sisteminin yaradılması üçün ölkə üzrə elmi problemlərin mövcud vəziyyətinin monitorinqinin aparılması nəzərdə tutulur. Eyni zamanda, Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası və Elmi problemlər üzrə elmi şuraların veb-saytlarının yaradılması istiqamətində müvafiq işlər görülür.

 

T.Fətəliyev “Elmi problemlər reyestri” informasiya sisteminin yaradılması ilə respublikada fəaliyyət göstərən elmi qurumlarda tədqiq olunan elmi problemlərin pasportlaşdırılaraq vahid reyestrdə saxlanacağını və onların emalı prosesindən əldə olunan nəticələrin elmi-tədqiqatlarda təkrarçılığın aşkarlanmasında, aparılan araşdırmaların effektivliyinin artırılmasında, ayrı-ayrı tədqiqatçı və elmi qurumların fəaliyyətlərinin qiymətləndirilməsində və idarəetmə qərarlarının qəbulunda mühüm rol oynayacağını qeyd edib.

 

Sonra AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək  Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Milli Elmlər Akademiyasının statusu haqqında” fərmanına uyğun olaraq AMEA Rəyasət Heyətinin qərarı ilə yaradılmış və AMEA-nın nəzdində fəaliyyət göstərən Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının respublikada elmin koordinatoru kimi bütün elmi-tədqiqat və ali təhsil müəssisələrində müxtəlif elm sahələri üzrə aparılan fundamental və tətbiqi tədqiqatların əlaqələndirilməsinə və həyata keçirilməsinə nəzarət edən səlahiyyətli orqan olmasını qeyd edib. Bu baxımdan AMEA-da elektron elm çərçivəsində aparılan islahatlara uyğun olaraq onun fəaliyyətinə dəstək kimi ölkə üzrə elmi problemlərin vahid reyestrinin yaradılmasının zəruriliyini vurğulayıb.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024