AzScienceNet-də “Enterprise Desktop Grid” xidmətləri, mürəkkəb məsələlərin həlli üçün virtual maşınlar və hesablama klasterlərinin yaradılması istiqamətində tədqiqat işləri aparılır 2016-02-24 15:13:55 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov institutun Elmi şurasının iclasında rəhbərlik etdiyi şöbənin 2016-cı il üçün fəaliyyət planına dair təqdimatla çıxış edib.

 

R.Ələkbərov bu il elmi-tədqiqat fəaliyyəti çərçivəsində Verilənlərin Emalı Mərkəzində yaddaş və hesablama resurslarının optimal paylanması üçün metod və alqoritmlərin işlənilməsi, AzScienceNet elm kompüter şəbəkəsində (EKŞ) “Enterprise Desktop Grid” xidmətlərinin yaradılması istiqamətində tədqiqat işlərinin aparılması, bulud texnologiyalarında istifadəçilərin məlumatlarının yaddaş qurğularında dinamiki paylanması metodunun işlənməsi, AzScienceCert-də toplanan insidentlər əsasında təhlillərin aparılması, o cümlədən AzScienceNet EKŞ-də tətbiq edilən texnologiyalar və xidmətlərlə əlaqədar elmi-praktiki seminarların keçirilməsinin nəzərdə tutulduğunu bildirib.

 

O, həmçinin AMEA-nın institut və təşkilatlarında böyük hesablama və yaddaş resursları tələb edən mürəkkəb məsələlərin müəyyənləşdirilməsi istiqamətində tədqiqat işlərinin aparılacağını, AzScienceNet şəbəkəsində hostinq xidmətlərindən (veb-saytların yerləşdirilməsi) istifadə üçün veb-saytlara qoyulan tələblərin işləniləcəyini, Verilənlərin Emalı Mərkəzində mürəkkəb məsələlərin həlli üçün virtual maşınların, eləcə də hesablama klasterlərinin yaradılması istiqamətində işlərin aparılacağını diqqətə çatdırıb.

 

AzScienceNet şəbəkəsinin infrastrukturunun inkişafı və istismarı ilə bağlı məlumat verən R.Ələkbərov cari ildə şəbəkənin infrastrukturunun intellektual kommutatorlar əsasında yenidən qurulması, AzScienceNet-in Data Mərkəzinin yaddaş və hesablama resurslarının sayının artırılması, AMEA qurumlarının AzScienceNet-ə fiberoptik əlaqə kanalları vasitəsilə qoşulması ilə bağlı görüləcək işlərdən danışıb. Məruzəçi Eduroam xidmətinin monitorinqi və genişləndirilməsi üçün AzScienceNet şəbəkəsinin ATLAS RIPE şəbəkəsinə qoşulması, o cümlədən Verilənlərin Emalı Mərkəzində e-kitabxana serverinin yerləşdirilməsi və istismarı ilə bağlı işlərin davam etdirilməsinin planlaşdırıldığını söyləyib.

 

Qeyd edib ki, bu il AzScienceNet şəbəkəsi üzərindən AMEA-nın Gəncə və Naxçıvan bölmələri üçün çoxnöqtəli distant tədris xidmətinin və “İnformatika” fənnindən onlayn imtahanların təşkili işləri, o cümlədən AMEA-nın Şəki və Lənkəran regional Elm Mərkəzləri üçün distant tədris xidmətinin təşkili, AMEA-nın qurumlarına aid olan veb-saytların AzScienceNet-in Data Mərkəzində yerləşdirilməsi, AzScienceNet-də “Multimedia Qalereyası” sisteminin istismarı və s. cari ildə görüləcək işlər sırasındadır.

 

R.Ələkbərov, həmçinin şəbəkənin proqram təminatının yenilənməsi işlərindən danışaraq təhlükəsizlik və monitorinqi həyata keçirən yeni proqram təminatlarının qurulması və digər proqramların instalizasiya edilməsi işlərinin nəzərdə tutulduğunu önə çəkib.

 

Şöbənin beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafı məsələsinə toxunan alim GEANT Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində aparılan işlərin davam etdiriləcəyini və Rusiya Elmlər Akademiyasının A.A.Xarkeviç adına İnformasiyanın Ötürülməsi Problemləri İnstitutunun Paylanmış Hesablamalar Mərkəzi ilə əməkdaşlıq əlaqələrinin qurulacağını nəzərə çatdırıb.

 

“Ölkə üzrə elektron elmin texnoloji platforması formalaşdırılır”, – deyə bildirən AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev AMEA-nın elmi müəssisə və təşkilatlarına yüksək səviyyəli internet xidmətləri göstərən, elm və təhsil şəbəkələri üzrə milli operator olan AzScienceNet elm kompüter şəbəkəsinin fəaliyyətini ölkənin, o cümlədən AMEA-nın Avropanın elektron elm və təhsil infrastrukturuna inteqrasiyasında mühüm addım kimi dəyərləndirib.

 

AzScienceNet-in imkanlarının genişləndirilməsi, qabaqcıl texnologiyaların ölkəmizə gətirilməsi məqsədilə Avropa Birliyinin müvafiq qurumları ilə sıx əməkdaşlıq əlaqələrinin qurulduğunu və qabaqcıl şəbəkə texnologiyaları və xidmətlərdən ölkəmizdə fəaliyyət göstərən elmi qurumların istifadəsinə şərait yaradıldığını qeyd edərək bu şəbəkənin Pan-Avropa Elm və təhsil şəbəkəsi olan GEANT assosiasiyasına inteqrasiya olunduğunu bildirib.

 

Qeyd edib ki, GEANT Assosiasiyasının təşəbbüsü və koordinasiyası ilə Şərqi Avropa ölkələrini birləşdirən elm və təhsil üzrə regional şəbəkə – EaPConnect (Eastern Partnership Connect) layihəsi hazırlanıb: “Şərqi Avropa ölkələrinin Avropanın elektron elm infrastrukturuna qoşulması üçün Avropa Komissiyası tərəfindən maliyyələşdirilən EaPConnect layihəsi Şərq Tərəfdaşlığı regionundakı bütün ölkələri əhatə edən elektron elm infrastrukturu yaradıb. Bu layihə regionda yaşayan və fəaliyyət göstərən 2 milyondan çox alim, gənc tədqiqatçı, müəllim və tələbələrə Avropa Birliyi ilə daha sıx əməkdaşlıq imkanları təqdim edib”.  

 

R.Əliquliyev, həmçinin  AMEA Rəyasət Heyətinin qərarı ilə AzScienceNet şəbəkəsində AMEA-nın elmi və elmi-təşkilati fəaliyyətinin müxtəlif istiqamətlərini əhatə edən çox sayda audio, video və foto məzmunlu multimedia resurslarını özündə əks etdirən Multimedia Qalereyasının yaradıldığını diqqətə çatdırıb. Materialların sistemli və mütəmadi olaraq toplanması, etibarlı saxlanması, sistemləşdirilməsi, onlayn istifadəsi və gələcək nəsillərə çatdırılması baxımından Multimedia Qalereyasının böyük əhəmiyyətə malik olduğunu qeyd edib. 

 

Sonda Fəaliyyət planı Elmi şura üzvləri tərəfindən müzakirə edilərək qəbul olunub.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024