İnternet mühitində reklam-marketinq fəaliyyətinin səmərəliliyinin artırılması üçün metod və alqoritmlər işlənilir 2016-02-22 16:01:08 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) şöbə müdiri Anar Səmidov rəhbərlik etdiyi şöbənin fəaliyyət planını təqdim edib. Bildirib ki, “Üçölçülü obyektlərin real məkandan virtual məkana və əksinə transformasiya problemlərinin analizi. İmkanlar, texnologiyalar və perspektivlər” və “İnternet mühitində reklam-marketinq fəaliyyətinin səmərəliliyinin artırılması üçün metod və alqoritmlərin işlənməsi” üzrə elmi-tədqiqatlar davam etdirilir.

 

Cari ildə şöbədə müasir nəşriyyat və poliqrafiya texnologiyalarının araşdırılması, rəqəmsal mühitdə intellektual mülkiyyətin qorunması texnologiyalarının analizi və tədqiqi, kompüter qrafikasının koməyilə müxtəlif təyinatlı poliqrafik materialların modelləşdirilməsi üzrə elmi araşdırmaların aparılması nəzərdə tutulur.

 

A.Səmidov şöbədə AMEA Rəyasət Heyəti və AMEA İTİ-nin yeni əməkdaşları üçün ID kartlar, fəxri fərmanlar, əlamətdar günlərdə institutun xüsusi təbriknamələrinin hazırlanması, müxtəlif kitab, ekpress-informasiya və kitabçaların tərtibatı, nəşri və digər işlərin yerinə yetirilməsinin planlaşdırıldığını qeyd edib.

 

Məruzəçi foto, audio və video materialların lokal şəbəkə üçün “Multimedia Qalereyası” adlı verilənlər bazasına daxil edilməsi, audio-video, qəzet və jurnal materiallarının “www.ict.az” saytında, institutun fotoqalereyasının yaddaş buludunda yerləşdirilməsi üzrə işlərin davam etdirildiyini diqqətə çatdırıb.

 

O, həmçinin elmi-innovasiya və elmi-təşkilati fəaliyyət, “ElmTV” və “İnfoTV” internet televiziyalarının fəaliyyətinin təşkili, müxtəlif təyinatlı nəşrlərin dizaynı və hazırlanması, elmi-texniki konfranslarda iştirak, tanınmış elmi jurnallarda məqalələrin nəşri, elmi-praktiki nəticələrin KİV-də təbliği və s. ilə bağlı görüləcək işlər haqqında məlumat verib.

 

Sonra AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev şöbənin plan layihəsi ilə bağlı təklif və tövsiyələrini səsləndirib. Alim üçölçülü obyektlərin transformasiya problemləri üzrə aparılan elmi araşdırmaların dərinləşdirilməsinin vacibliyini qeyd edib. İnternet mühitində istifadəçi yönümlü reklam fəaliyyətinin səmərəliliyinin artırılması üçün metodların işlənməsinin, intellektual mülkiyyət və müəllif hüquqlarının qorunması texnologiyalarının analizinin zəruriliyini vurğulayıb.

 

Mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Fəaliyyət planının institutun Elmi Şurasının müzakirəsinə təqdim olunması qərara alınıb.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024