İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin (TİM) 2016-cı il üçün fəaliyyət planı müzakirə olunub. TİM-in rəhbəri Rəsmiyyə Mahmudova cari ildə mərkəzdə yerinə yetiriləcək elmi-tədqiqat işləri haqqında məlumat verib. O, şəxsiyyətin informasiya mədəniyyətinin qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənilməsi üzrə aparılan elmi araşdırmaların yekunlaşdırılması və vətəndaş təhsilinin fərdlərin informasiya mədəniyyətinin formalaşdırılması vasitəsi kimi analiz edilməsinin nəzərdə tutulduğunu bildirib.
R.Mahmudova təhsil proseslərinin informasiyalaşdırılması problemləri, uşaqların internet mühitində informasiya təhlükəsizliyinin təmin olunması üçün metod və alqoritmlərin işlənilməsi, intellektual oyun texnologiyalarının İnformatika fənninin tədrisinə inteqrasiyasının analizi, internet-asılılıq və digər təhlükələrin müəyyən edilməsi metodları, biometrik ölçmə əsasında internet-asılılığın diaqnostikası üçün yeni metodun işlənilməsi üzrə araşdırmaların davam etdiriləcəyini nəzərə çatdırıb.
TİM-in rəhbəri respublika üzrə doktorant və dissertantlara İnformatika fənninin tədrisi və imtahanların qəbulunun mərkəzin əsas fəaliyyət istiqamətlərindən olduğunu qeyd edərək cari ildə bu istiqamətdə görüləcək işlərdən danışıb. Qeyd edib ki, AMEA-nın institut və təşkilatlarının doktoranturasına fəlsəfə fənni üzrə qəbul və doktorluq imtahanları, institutun doktoranturasına qəbul və ixtisas imtahanları, eləcə də AMEA magistrantları üçün İnformatika fənni və ümumi fənlər üzrə dərs və imtahanların yüksək səviyyədə təşkili işləri həyata keçirilir.
R.Mahmudovanın sözlərinə görə, Naxçıvan MR-da və Gəncə bölgəsində yaşayan doktorant və dissertantlar üçün distant tədris və imtahanlar təşkil edilir. Müəssisə və təşkilatların əməkdaşları və sıravi vətəndaşlar üçün İT-kursların təşkili və sertifikatlaşdırma ilə bağlı işlər davam etdirilir.
O, mərkəzin elmi-innovasiya və praktiki fəaliyyətindən bəhs edərək hər il olduğu kimi, cari ildə də orta məktəb şagirdləri arasında İnformatika Layihələri Olimpiadası və ali məktəb tələbələri arasında İnformatika üzrə Ümumrespublika Olimpiadasının keçirilməsi ilə əlaqədar görüləcək tədbirlər haqqında məlumat verib.
Beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin inkişafı məsələsinə toxunan R.Mahmudova bildirib ki, “Insafe” (European Safer İnternet Network – Avropa Təhlükəsiz İnternet Şəbəkəsi) təşkilatı ilə əməkdaşlıq münasibətlərinin qurulması istiqamətində işlərin aparılması planlaşdırılır.
Məruzəçi TİM-in fəaliyyəti və burada həyata keçirilən innovativ layihələrin müntəzəm olaraq işıqlandırılması üçün mərkəzin veb-saytının yaradılması istiqamətində görülən işlərdən danışıb. Həmçinin şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda iştirak, AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunmuş beynəlxalq və respublika səviyyəli jurnallarda elmi məqalələrin nəşri, müxtəlif təyinatlı elektron nəşrlərin hazırlanması, əldə olunmuş nəticələrin KİV-də təbliği və s. ilə bağlı görüləcək işlər barədə məlumat verib.
Sonra AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev şöbənin plan layihəsi ilə bağlı təklif və tövsiyələrini səsləndirib. İnformasiya mədəniyyətinin formalaşması problemləri istiqamətində aparılan elmi-tədqiqatların dərinləşdirilməsinin vacibliyini qeyd edib.
Akademik uşaqların internetin zərərli təsirlərindən mühafizəsi, internet-asılılıq və digər təhlükələrin qarşısının alınması ilə bağlı beynəlxalq təcrübə və yeni yanaşmaların araşdırılmasının zəruriliyini vurğulayıb. Bildirib ki, uşaqların internetdə təhlükəsizliyinin təmin edilməsi üçün mövcud texniki üsulların araşdırılması mühüm şərtlərdəndir. R.Əliquliyev biometrik texnologiyaların tətbiqi ilə distant tədrisin keyfiyyətinin yüksəldilməsinin həlli vacib məsələlərdən olduğunu diqqətə çatdırıb. Alim, həmçinin “Testologiya: müasir vəziyyət, problemlər və perspektivlər” mövzusunda elmi araşdırmaların aparılmasını tövsiyə edib.
Mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Fəaliyyət planının institutun Elmi Şurasının müzakirəsinə təqdim olunması qərara alınıb.