AMEA İnformasiya Texnologiyaları İnstitutunda 2013-cü ilin 6 ayının yekunlarına həsr olunmuş hesabat iclasları keçirilir. İnstitutun struktur bölmələrinin yarımillik hesabatında görülən işlər, əldə olunan nəticələr və həyata keçiriləcək tədbirlər barədə ətraflı məlumatlar verilib.
Hesabat məruzəsi ilə çıxış edən şöbə müdirləri cari ilin ilk yarım ilində həyata keçirilən elmi-tədqiqat, elmi-innovasiya, elmi-pedaqoji, elmi-təşkilati fəaliyyət, konfrans, seminar, simpoziumlarda iştirak, tanınmış elmi jurnallarda dərc olunan məqalələr və s. ilə bağlı məlumat veriblər.
İnformasiya texnologiyaları və informasiya cəmiyyətinin elmi problemləri ilə məşğul olan institutun strukturlarında elmi-texniki və innovasiya siyasətinin uğurla həyata keçirilməsi istiqamətində görülən işlər, müxtəlif İKT layihələrinin reallaşdırılması ilə bağlı əldə olunmuş nəticələr diqqətə çatdırılıb. İnformasiya təhlükəsizliyi, sosial şəbəkələr, biometrik sistemlərin təhlükəsizliyi, informasiya-kommunikasiya texnologiyaları, virtual məkanda Azərbaycan problemləri, elm və təhsilin informasiyalaşdırılması və digər problemlər istiqamətində aparılan elmi-tədqiqat işləri haqqında məlumat verilib.
Tədbirdə elmi-texniki tərəqqinin cəmiyyətin inkişafında mühüm rol oynadığı vurğulanaraq, Azərbaycan elminin inkişafı və beynəlxalq aləmə inteqrasiyasının vacib məsələlərdən olduğu qeyd edilib, bu istiqamətdə fəaliyyətin yüksək səviyyədə təşkili üçün Azərbaycan Milli Elmlər Akademiyasının, o cümlədən İnformasiya Texnologiyaları İnstitutunun üzərinə düşən vəzifələrdən söhbət açılıb. 2013-cü ilin ölkəmizdə "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edildiyi də vurğulanaraq görülən mühüm tədbirlərin yüksək səviyyədə həyata keçirilməsinin vacibliyi qeyd edilib. AMEA Rəyasət Heyətinin Mərkəzi Aparatının, AMEA elmi-tədqiqat müəssisələrinin informasiyalaşdırılması istiqamətində görülən işlərin Azərbaycan elminin innovativ inkişafına xidmət etdiyi bildirilib.
Сari il üçün nəzərdə tutulan innovativ layihələr, keçiriləcək ümumrespublika və beynəlxalq tədbirlərin təşkili məsələləri müzakirə edilib, rəy və təkliflər səsləndirilib. Hesabatlarla bağlı geniş müzakirələr aparılaraq, hesabat vermiş şöbələrin fəaliyyəti müsbət qiymətləndirilib, fəaliyyətin daha səmərəli təşkili üçün görüləcək işlərlə bağlı müvafiq tapşırıqlar verilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.