Elektron dövlət mühitində ölkələrarası inteqrasiyanın ölçülməsi istiqamətində tədqiqatlar davam etdirilir 2016-02-19 12:43:55 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 16 saylı şöbəsinin 2016-cı il üçün fəaliyyət planı müzakirə olundu. Cari ildə görüləcək işlər haqqında məlumat verən şöbə müdiri Gülnarə Nəbibəyova şöbədə aparılan elmi-tədqiqat işlərini diqqətə çatdırdı. O, elektron dövlətin formalaşması problemləri istiqamətində e-dövlət mühitində ölkələrarası inteqrasiyanın ölçülməsi üçün metod və alqoritmlərın işlənilməsi üzrə araşdırmaların cari ildə yekunlaşdırılmasının nəzərdə tutulduğunu söylədi.

 

G.Nəbibəyova terminoloji informatikanın formalaşması problemləri üzrə Azərbaycan terminoloji informasiya sisteminin işlənməsi ilə bağlı görüləcək işlərdən danışdı. Onun sözlərinə görə, bu istiqamətdə terminoloji informasiya sisteminin işlənməsi və “Data Mining” texnologiyası əsasında terminoloji verilənlər bazasının analitik təhlili planlaşdırılır.

 

O, həmçinin şöbə əməkdaşları tərəfindən veb-texnologiyalar, virtual məkanda Azərbaycan dilinin tətbiqi və İnternet-medianın formalaşması problemləri istiqamətlərində araşdırmaların davam etdiriləcəyini qeyd etdi.

 

Sonra şöbə müdiri institutun www.ict.az saytının 2016-cı il üçün fəaliyyət planını təqdim edərək saytın daimi istismarının həyata keçirilməsi, müxtəlif göstəricilər üzrə statistik məlumatların toplanması və emalı, saytın yeni dizaynının işlənilməsi və informasiya təminatı ilə bağlı görüləcək işləri nəzərə çatdırdı.

 

Şöbə müdiri müxtəlif təşkilatların, o cümlədən AMEA-nın institut və təşkilatlarının veb-saytlarının yaradılması və təkmilləşdirilməsi istiqamətində görüləcək işləri diqqətə çatdırdı. 

 

G.Nəbibəyova milli terminoloji informasiya sisteminin konsepsiyasının işlənilməsi, AMEA-nın rəsmi www.science.gov.az portalının və AzScienceNet elm kompüter şəbəkəsinin Data Mərkəzində yerləşdirilən veb-saytların texnoloji baxımdan dəstəklənməsi, o cümlədən, institutun Multimedia Qalereyasında işlərin aparılmasının elmi-innovasiya fəaliyyəti çərçivəsində yerinə yetirildiyini qeyd etdi.

 

Bundan əlavə, elmi-tədqiqat və innovasiya işlərinin КİV-də təbliği və bu istiqamətdə elmi-populyar məqalələrin nəşri, şöbədaxili seminarların keçirilməsi, müxtəlif təyinatlı kitabların hazırlanması, beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı, həmçinin gənc kadrların işə cəlb edilməsi ilə bağlı bir sıra tədbirlərin nəzərdə tutulduğunu bildirdi. 

 

Sonra AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev şöbənin plan layihəsi ilə bağlı təklif və tövsiyələrini səsləndirdi. Qabaqcıl texnologiyaların inkişafı nəticəsində informasiyanın əldə olunması, emalı və ötürülməsinin asan bir prosesə çevrildiyi bir dövrdə veb-saytların mühüm rol oynadığını söyləyən alim müxtəlif qurumların, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisə və təşkilatlarının veb-saytlarının fəaliyyətinin yüksək səviyyədə təşkilinin vacibliyini qeyd etdi. Akademik veb-resursların, o cümlədən www.ict.az saytının elmi fəaliyyətin təbliğinin yüksək səviyyədə təşkili, cəmiyyətin informasiya əldə etmək hüququnun təmin olunması və elmi informasiyaya olan tələbatının ödənilməsində mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırdı.

 

Sonda plan layihəsinin institutun Elmi Şurasının iclasının müzakirəsinə təqdim olunması qərara alındı. 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024