Korporativ mühitdə kompüter xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində araşdırmalar davam etdirilir 2016-02-18 16:41:50 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Şakir Mehdiyevrəhbərlik etdiyi şöbənin 2016-cı il üçün fəaliyyət planını təqdim edərək nəzərdə tutulan işlər barədə ətraflı məlumat verib. Cari ildə şöbədə elmi-tədqiqat işləri çərçivəsində korporativ mühitdə kompüter xidmətlərinin keyfiyyətinin yüksəldilməsi üçün metod və alqoritmlərin işlənilməsi üzrə tədqiqatların davam etdiriləcəyini diqqətə çatdırıb.

 

Şöbənin elmi-innovasiya və praktiki fəaliyyətindən söz açan Ş.Mehdiyev AMEA-nın institut və təşkilatlarına məxsus fərdi kompüterlərdə təmir-sazlama və onların texniki imkanlarının artırılması, AMEA-nın Rəyasət Heyətinin lokal kompüter şəbəkəsinə texniki və proqram təminatı xidmətlərinin yerinə yetirilməsi, həmçinin akademiyanın institut və təşkilatlarının infrastrukturunun yenilənməsi və təkmilləşdirilməsi ilə bağlı həyata keçiriləcək tədbirlərdən danışıb. Bildirib ki, AMEA Rəyasət Heyəti aparatı və əsas binada konfrans və iclasların müşayiət olunması, İnternet üzərindən yayımın təmin olunması istiqamətində işlər bu il də davam etdiriləcək.

 

Məruzəçi, həmçinin şöbənin elmi-pedaqoji, elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda iştirak, beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafı, müxtəlif təyinatlı nəşrlərin hazırlanması, əldə olunmuş nəticələrin KİV-də təbliği və s. ilə bağlı görüləcək işlər haqqında məlumat verib.

 

Sonra AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin plan layihəsi ilə bağlı təklif və tövsiyələrini səsləndirib. Alim bildirib ki, kompüterlərin diaqnostikasının aparılması və kompüter məlumatlarının toplanaraq analiz edilməsi fəaliyyətin səmərəliliyinin artırılmasında mühüm rol oynayır. Kompüter xidmətlərinin bazasının yaradılması və analizi qərar qəbulu üçün vacib şərtlərdəndir. Akademik, həmçinin yeni texnologiyalarla bağlı seminarların keçirilməsinin, bu sahə üzrə fikir və təcrübə mübadiləsinin zəruriliyini qeyd edib.

 

Sonda plan layihəsinin institutun Elmi Şurasının iclasının müzakirəsinə təqdim olunması qərara alınıb.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024