AMEA İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev öncə Gənclər Günü münasibətilə fevralın 2-də istedadlı və yaradıcı gənclərin mükafatlandırılması mərasiminin keçirildiyini, elm sahəsindəki nailiyyətlərinə görə AMEA İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri, texnika üzrə fəlsəfə doktoru Nigar İsmayılovanın da “Gənclər mükafatı”na layiq görüldüyünü diqqətə çatdırıb.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti nəticəsində gənclərin dövlət və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakının təmin edildiyini söyləyən akademik bu siyasətin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini vurğulayıb.
Müasir dövrdə superkompüterlərin ölkələrin texnoloji inkişaf səviyyəsini göstərən əsas amillərdən biri olduğunu qeyd edən R.Əliquliyev elmi seminarın superkompüterlərin inkişaf mərhələləri, müasir vəziyyəti və perspektivlərinə həsr olunduğunu bildirib. Qeyd edib ki, superkompüterlər kompüter elmləri sahəsində mühüm rol oynayır və müxtəlif sahələrdə, o cümlədən, nəzəri və eksperimental fizika, yüksək enerjilər fizikası, kvant fizikası və kimyası, böyük sistemlərin riyazi modelləşdirilməsi, maşınqayırmanın mürəkkəb məmulatlarının layihələndirilməsi, təhlükəsizlik sisteminin işlənib hazırlanması üçün qəzanın nəticələrinin modelləşdirilməsi və digər sahələrdə geniş istifadə olunur.
Təqdimatla çıxış edən institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov dünyada ilk kompüterlər haqqında məlumat verib, kompüterlərin element bazaları üzrə təsnifatı, superkompüter, server və fərdi kompüterlərin məhsuldarlığına görə müqayisəli təhlilini təqdim edib.
R.Ələkbərov hesablama texnikasının inkişaf tarixindən söz açaraq kompüterlərin dörd nəslə bölündüyünü, bu nəsillərin element bazası, proqram təminatı, texniki və istismar göstəricilərinə görə bir-birindən əsaslı şəkildə fərqləndiyini diqqətə çatdırıb.
İlk superkompüterin amerikalı mühəndis Seymur Krey tərəfindən 1963-cü ildə yaradıldığını söyləyən məruzəçi superkompüterin mövcud kompüterlərin texniki göstəricilərindən və hesablama gücündən dəfələrlə çox olan hesablama sistemi olduğunu bildirib. Onun sözlərinə görə, superkompüterlərdən aerodinamika, seysmologiya, nüvə fizikası və s. elm sahələrində meydana çıxan mürəkkəb məsələlərin həllində geniş istifadə olunur.
O, həmçinin kompüterlərin məhsuldarlığının illər üzrə inkişaf dinamikası, paralel hesablama sistemlərinin təsnifatı, superkompüterlərin arxitekturası barədə ətraflı məlumat verib.
Böyük Adron Kollayderinin (Avropa Nüvə Tədqiqatları Mərkəzi) Məlumat Emalı Mərkəzində yüksək enerji fizikası və kvant fizikası sahələrində aparılan tədqiqatlarda superkompüterlərdən istifadə olunduğunu önə çəkən R.Ələkbərov bildirib ki, bu mərkəz 2012-ci ilə qədər hər il 35 PB məlumat emal edərək yaddaşda saxlayır, 2016-cı ildən etibarən bu rəqəmin 2 dəfə artacağı ehtimal olunur: “Bundan başqa, Utah Milli Təhlükəsizlik Agentliyi (ABŞ) kibertəhlükəsizlik, kəşfiyyat xarakterli məlumatların saxlanması, vətəndaşlara aid məlumatların izlənməsi və telefon danışıqlarının dinlənilməsi üzrə 10 YB məlumat saxlama yaddaşına malikdir”.
Direktor müavini ən güclü superkompüterlərin reytinq cədvəli, o cümlədən 2020-ci ilədək istehsal olunacaq superkompüterin məhsuldarlığının inkişaf dinamikasını təqdim edib, superkompüterlərin ölkələr, istehsalçı şirkətlər, arxitektura, regionlar, istifadə olunduğu sahələr üzrə paylanması diaqramlarını nümayiş etdirib, superkompüterlərdə istifadə olunan əməliyyat sistemləri və onlarda paralelləşdirməni həyata keçirən proqram interfeysləri barədə danışıb.
Məruzəçinin sözlərinə görə, bu kompüterlərdə məhsuldarlığın artırılması və enerji sərfiyyatının azadılması element bazasının yaradılmasında yeni texnologiyalar və soyutma sistemlərindən istifadə ilə mümkün olacaq.
R.Ələkbərov, həmçinin mikroprosessorlarda yerləşən tranzistorların sayınıninkişaf dinamikası, mikroprosessor texnologiyalarının inkişaf dinamikasının enerji sərfiyyatına təsiri, bu kompüterlərdə istifadə olunan soyutma sistemləri texnologiyaları haqqında məlumat verib, bu sahədə mövcud problemlərdən danışıb.
O, böyük hesablama və yaddaş tələb edən mürəkkəb məsələlərin həllində AzScienceNet elm kompüter şəbəkəsinin Data Mərkəzinin resurslarından istifadə olunduğunu qeyd edərək Data Mərkəzin texniki göstəricilərindən söz açıb. Bildirib ki, bu mərkəzdən inteqral şərtli yüklənmiş sistemlər üçün optimal idarəetmə məsələsinin ədədi həlli, neftin qərarlaşmamış hərəkət rejimi zamanı magistral neft kəmərində sızma yerlərinin və həcmlərinin təyin edilməsi, sadə ədədləri təyin edən alqoritmlərin paralelləşdirilməsi və s. məsələlərin həllində geniş istifadə olunur: “AzScienceNet elm kompüter şəbəkəsinin infrastrukturunun genişləndirilməsi istiqamətində bir sıra işlər həyata keçirilir. Data Mərkəzin texniki imkanları artırılaraq hesablama məhsuldarlığı 15 TFlops, xarici yaddaşının həcmi isə 300 Tbayta çatdırılmışdır. İnstitutun Elektron Kitabxana Mərkəzi üçün lazım olan server Data Mərkəzdə yerləşdirilmişdir ki, bununla da institut əməkdaşları istənilən kitabı məsafədən əldə edə bilərlər. Eyni zamanda AMEA-nın “Multimedia qalereyası” sistemi və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosunda uzun müddət ərzində toplanmış böyük həcmli verilənlərin (Big Data) arxivi də Data Mərkəzdə yerləşdirilmişdir”.
Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.