Doktorant və dissertantların informatika fənni üzrə doktorluq imtahanları başa çatıb 2016-02-11 11:01:04 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçirilən doktorant və dissertantların informatika fənni üzrə doktorluq imtahanları başa çatıb.

 

2015-ci ilin sentyabr ayından başlayaraq imtahanlara hazırlıq məqsədilə doktorant və dissertantlar üçün institutun Tədris-İnnovasiya Mərkəzində müxtəlif müddətli kurslar təşkil edilib. Bu kurslarda informatikanın nəzəri və praktiki əsasları tədris olunub. Elmi tədqiqatçılar üçün sınaq imtahanları keçirilib, imtahanın ümumi qaydaları haqqında zəruri məlumatlar verilib.

 

Bu sessiyada 261-i doktorant, 308-i isə dissertant olmaqla, ümumilikdə 569 elmi tədqiqatçı imtahan verib. Onlardan 77 nəfər fizika-riyaziyyat və texnika elmləri, 88 nəfər kimya, biologiya və tibb elmləri, 45 nəfər yer, kənd təsərrüfatı və coğrafiya elmləri, 359 nəfər ictimai-siyasi, sosial-iqtisadi və humanitar elmlər üzrə ixtisaslaşan doktorant və dissertantlardır.

 

Bu il Naxçıvan Muxtar Respublikasında və Gəncə bölgəsində yaşayan doktorant və dissertantlar üçün informatika fənni üzrə doktorluq imtahanları institutun Distant Tədris Mərkəzində ilk dəfə olaraq test texnologiyaları əsasında İnternet üzərindən distant formada keçirilib. İmtahanlarda Gəncə bölgəsindən 52, Naxçıvandan isə 21 doktorant və dissertant iştirak edib.

 

Xatırladaq ki, 2003-cü ildən respublikanın bütün doktorant və dissertantlarına informatika fənninin tədrisi və doktorluq imtahanlarının qəbulu mərkəzləşdirilmiş qaydada İnformasiya Texnologiyaları İnstitutunda keçirilir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024