“Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”da elm və təhsilin inteqrasiyası əsasında yüksəkixtisaslı kadrların hazırlanması ilə bağlı akademiya qarşısında müəyyən vəzifələr qoyulub. Bununla yanaşı, “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”ndə magistratura yolu ilə peşəkar kadrların hazırlanması barədə bir sıra müddəalar öz əksini tapıb. Bu istiqamətdə AMEA tərəfindən müvafiq tədbirlər görülür, müxtəlif layihələr həyata keçirilir.
Belə ki, AMEA Rəyasət Heyətinin qərarı ilə 2015-ci ilin fevral ayında akademiyada ilk dəfə olaraq magistratura pilləsinə qəbul elan olunmuş, AMEA-nın 7 elmi-tədqiqat institutunun bazasında 7 ixtisas (dilçilik, antropologiya, nəzəri fizika, geologiya, kimyəvi kinetika və kataliz, molekulyar biologiya, bitkilərin seleksiyası) üzrə ümumilikdə 19 nəfər magistraturaya daxil olmuşdur.
2015-2016-cı tədris illəri üzrə AMEA-nın magistratura pilləsinə qəbul olmuş magistrantlara AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) Tədris-İnnovasiya Mərkəzində informatika, ingilis dili, psixologiya, pedaqogika kimi ümumi fənlər üzrə nəzəri və praktiki dərslər tədris olunur.
Akademiyanın magistrantları artıq ingilis dilindən TOEFL proqramı üzrə imtahan veriblər. Bu gün isə İTİ-də informatika fənni üzrə ilk semestr imtahanı elektron test üsulu ilə keçirildi.