Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunun Distant Tədris Mərkəzi ilə AMEA Gəncə Bölməsi arasında ilk dəfə olaraq Gəncədə yaşayan elmi tədqiqatçılar üçün doktorluq imtahanlarının distant formada keçirilməsi məqsədilə canlı bağlantı yaradıldı. İnstitutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov və Tədris-İnnovasiya Mərkəzinin rəhbəri Rəsmiyyə Mahmudova imtahan iştirakçılarına uğurlar arzuladılar.
İmtahanlarda 64 doktorant və dissertant iştirak etdi. Yanvarın 29-da isə Naxçıvanda yaşayan elmi tədqiqatçılar üçün distant formada informatika fənni üzrə doktorluq imtahanlarının təşkil olunacağı qeyd edildi.
2011-ci ildən Gəncə və Naxçıvanda yaşayan doktorant və dissertantlar Tədris-İnnovasiya Mərkəzində tədris olunan dərsləri məsafədən dinləyirlər. AMEA prezidenti, akademik Akif Əlizadənin Sərəncamına əsasən, cari ildən regional ali təhsil və elmi-tədqiqat müəssisələrinin doktorant və dissertantlarının informatika fənni üzrə doktorluq imtahanları test texnologiyaları əsasında İnternet üzərindən distant formada keçirilir. İmtahan prosesinə mərkəzdə quraşdırılmış video-müşahidə sistemi vasitəsilə nəzarət edilir.
Xatırladaq ki, doktorant və dissertantlar üçün informatika fənni üzrə doktorluq imtahanları 2013-cü ilin iyun ayından başlayaraq elektron test üsulu ilə keçirilir.