AzScienceNet elm kompüter şəbəkəsinin cari il üzrə hesabatının müzakirəsi və 2016-cı il üçün yeni vəzifələrin müəyyənləşdirilməsi ilə bağlı seminar keçirildi.
AMEA İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov AzScienceNet şəbəkəsinin hesabatını təqdim etdi. Bildirdi ki, AzScienceNet şəbəkəsi ilə bağlı verilənlərin emalı mərkəzində yaddaş və hesablama resurslarının optimal paylanması üzrə metodların işlənməsi, AzScienceNet-də Cloud Computing xidmətinin təhlükəsizlik məsələləri, bulud texnologiyalarında istifadəçilərin məlumatlarının yaddaş qurğularında dinamiki paylanması məsələləri, AzScienceCERT-də toplanan məlumatlar əsasında təhlillərin aparılması istiqamətində elmi-tədqiqat işləri həyata keçirilir.
R.Ələkbərov AzScienceNet şəbəkəsində Linux CentOS əməliyyat sisteminin tətbiqi, kompüter şəbəkələrində Firewallar və onların iş prinsipi, AzScienceNet-də yeni texnologiyaların (Wi-Max, 4G və s.) tətbiqi məsələləri, şəbəkədə IPv6-ya keçidin təmin olunması, VoIP texnologiyalarının tətbiqi, paralel proqramlaşdırma sistemlərinin tətbiqi, bulud texnologiyaları, modelləri, xidmətləri və tətbiq sahələri, genişzolaqlı internet, mövcud vəziyyəti və inkişaf perspektivləri kimi bir sıra mövzulara həsr olunmuş seminarların keçirildiyini diqqətə çatdırdı.
O, cari ildə “AzScienceNet: mövcud vəziyyəti, imkanları və inkişaf perspektivləri” mövzusunda respublika elmi-praktiki seminarının keçirildiyini, əməkdaşların 6 konfransda iştirak etdiyini söylədi. Şəbəkənin fəaliyyəti ilə bağlı 3-ü SCOPUS elmi bazasının nüfuzlu jurnalında olmaqla, 5 məqalənin çap olunduğunu diqqətə çatdırdı.
Direktor müavini qeyd etdi ki, AzScienceNet elm kompüter şəbəkəsinin infrastrukturunun genişləndirilməsi istiqamətində bir sıra işlər həyata keçirilmişdir. AMEA-nın institut və təşkilatlarının 300 ədəd yeni kompüteri şəbəkəyə qoşulmuş, 5 institut və təşkilatda lokal şəbəkələrin intellektual kommutatorlar əsasında yenidən qurulması işləri həyata keçirilmiş, Data Mərkəzin texniki imkanları artırılaraq hesablama məhsuldarlığı 15 TFlops, xarici yaddaşının həcmi isə 300 Tbayta çatdırılmışdır. Elektron Kitabxana Mərkəzi üçün lazım olan server Data Mərkəzdə yerləşdirilmişdir ki, bununla da institut əməkdaşları istənilən kitabı məsafədən əldə edə bilərlər. Eyni zamanda AMEA-nın “Multimedia qalereyası” sistemi də Data Mərkəzdə yerləşdirilmişdir.
Onun sözlərinə görə, AMEA-nın 3 institut və təşkilatının kompüter şəbəkələri Fiber Optik əlaqə kanalı vasitəsilə AzScienceNet-ə qoşulmuş, AMEA Naxçıvan Bölməsində Distant Tədris Mərkəzi yaradılmışdır. Eyni zamanda AMEA Şəki, Lənkəran və Quba Regional Elm Mərkəzlərinin şəbəkə infrastrukturunun yenidən qurulması nəzərdə tutulur.
R.Ələkbərov, həmçinin qeyd etdi ki, cari ildə AMEA Rəyasət Heyətinin binasında İnteraktiv informasiya sistemi, AzScienceNet şəbəkəsi üzərindən “ElmTV” İnternet televiziyasının monitorlar şəbəkəsi sistemi quraşdırılmışdır.
Direktor müavini AzScienceNet şəbəkəsinin beynəlxalq əməkdaşlıq münasibətlərinin genişləndirildiyini, GEANT təşkilatı və Rusiya Elmlər Akademiyasının A.A.Xarkeviç adına İnformasiyanın Ötürülməsi Problemləri İnstitutunun Paylanmış Hesablamalar Mərkəzi ilə əməkdaşlıq əlaqələrinin qurulduğunu bildirdi.
Sonra institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyevAzScienceNet-də informasiya təhlükəsizliyi insidentlərini cavablandırma qrupu olan AzScienceCERT-in fəaliyyəti haqqında məlumat verdi. “Kontent filtrasiya məqsədilə şəbəkə trafikinin multiklassifikator modeli” və “İnformasiya təhlükəsizliyi insidentlərinin emalı proseslərinin çoxprioritetli kütləvi xidmət modeli” adlı məqalələrin hazırlandığını bildirdi. Veb-istifadəçilərin davranış profillərinin klasterizasiyası üçün modelin təklif olunduğunu və bununla bağlı konfrans materiallarının hazırlandığını diqqətə çatdırdı.
AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev AMEA-nın elmi müəssisə və təşkilatlarına yüksək səviyyəli İnternet xidmətləri göstərməklə, Azərbaycan elminin dünya elminə inteqrasiyasını təmin edən, elm və təhsil şəbəkələri üzrə milli operator olan AzScienceNet elm kompüter şəbəkəsinin qarşısında xüsusi vəzifələr qoyulduğunu söylədi. Qeyd etdi ki, Prezident Administrasiyası, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi və AMEA rəhbərliyinin dəstəyilə AzScienceNet şəbəkəsi Avropa üzrə bütün elm və təhsil qurumlarına şəbəkə xidməti göstərən GEANT assosiasiyasında Azərbaycanı təmsil edir.
“Ölkənin elm və təhsil qurumlarının AzScienceNet elm kompüter şəbəkəsinin infrastrukturu, göstərdiyi xidmətlər, yüksək hesablama və yaddaş imkanları, elektron elmin inkişafında rolu, rouminq və bulud xidmətləri, şəbəkənin monitorinqi və təhlükəsizliyi, beynəlxalq elmi mühitə inteqrasiyası, habelə bu şəbəkədə formalaşan informasiya bazası üzərində elmi-tədqiqat imkanları kimi aktual məsələlərlə bağlı məlumatların ictimaiyyətə çatdırılması, bu sahədə AMEA üzrə maarifləndirmə işlərinin aparılması zəruridir”, – deyə akademik bildirdi.
R.Əliquliyev, həmçinin AzScienceCERT-in maddi-texniki bazasının gücləndirilməsi istiqamətində bir sıra işlərin görülməsi, burada elmi-innovativ mühitin formalaşdırılması, beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, insanların məlumatlandırılması üçün treninqlərin keçirilməsi və kadr hazırlığı məsələsinə xüsusi diqqət göstərilməsinin zəruriliyini vurğuladı.
Alim bununla yanaşı, AzScienceNet elm kompüter şəbəkəsinin nəzdində superkompüter texnologiyalarının mövcud vəziyyəti, inkişaf perspektivləri, onlarda həll olunan məsələlərin analizi və paralel proqramlaşdırma məsələləri ilə məşğul olan sektorun yaradılmasını tövsiyə etdi.