Son ayda hüquq sahibləri tərəfindən "Google" şirkətinə qanunsuz məzmuna malik veb-ünvanların silinməsi ilə bağlı 62 milyondan çox sorğu daxil olub.
lenta.ru saytının məlumatına görə, ötən ayda qayri-qanuni kontentə malik saytlar arasında unblocksit.es (648348 sorğu), anyvn.com (632186 sorğu) və flowxd.me (617314 sorğu) resurslarının adı daha çox çəkilib. Korporasiyanın qiymətləndirməsinə görə, unblocksit.es və flowxd.me saytlarında səhifələrin 50 faizindən çoxunun məzmunu mübahisə doğurur.
Qeyd edək ki, "Google" şirkəti müntəzəm olaraq müəlliflik hüquqlarının qorunmasını tələb edənlər və onların nümayəndələrindən axtarış nəticələrinin silinməsi ilə bağlı sorğular alır. Şirkət müəllif hüquqlarını pozan materiallara olan istinadları axtarış nəticələrindən silir. Bununla belə sorğuların sayı hər il artır. Əgər cari ilin noyabr ayının 16-dan 23-nə kimi, yəni bir həftə ərzində 15,5 milyon istinadın silinməsinə dair sorğu daxil olmuşdusa, bir il bundan öncə bu rəqəm 8,3 milyon təşkil etmişdir.