AMEA-nın institut və təşkilatlarının veb-saytlarının monitorinqinin nəticələri açıqlandı 2015-11-06 12:56:18 / KONFRANSLAR

AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytlarının yaradılması və idarə edilməsinə dair monitorinqin nəticələri açıqlanıb. AMEA Rəyasət Heyətinin iclasında bu haqda geniş təqdimatla AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edib.  

 

R.Əliquliyev informasiya əsrində istənilən qurumun, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisə və təşkilatlarının veb-saytlarının yaradılması və istismarının zamanın tələbi olduğunu qeyd edib. Elmi portal və saytların elmi fəaliyyətin təbliğinin yüksək səviyyədə təşkili, cəmiyyətin elmi informasiyaya olan tələbatının ödənilməsində mühüm rol oynadığını  bildirib.  

 

Monitorinqin nəticələrini təqdim edən AMEA-nın akademik-katibi monitorinqin veb-saytların dizaynı, informasiya və proqram təminatı, informasiyanın aktuallığı və digər tələblər üzrə aparıldığını nəzərə çatdırıb. Son illər akademiyanın elmi müəssisə və təşkilatlarının veb-saytlarının yaradılması istiqamətində mühüm işlərin görüldüyünü qeyd edən R.Əliquliyev elmi qurumların əksəriyyətinin veb-saytının mövcud olduğunu söyləyib. Hər bir institut və təşkilatın fəaliyyətinin işıqlandırılması və geniş təbliğatında saytların rolunu qeyd edərək informasiya təminatının aktual vəziyyətdə saxlanılmasının başlıca şərtlərdən olduğunu bildirib. O, veb-saytların proqram təminatı və dizaynının müasir tələblərə müvafiq olaraq hazırlanmasının da əhəmiyyətini qeyd edib.  

 

Akademik-katib həmçinin elmi müəssisə üzrə dissertasiya işlərinin müdafiəsi haqqında məlumatların və avtoreferatların elektron versiyalarının mütəmadi olaraq veb-saytlarda yerləşdirilməsi, “İnnovasiya” bölməsinin yaradılmasının vacibliyindən də söz açıb. Saytların yaradılması və istismarı ilə bağlı işlərə elmi-metodiki rəhbərliyin həyata keçirilməsi, fəaliyyətinin yüksək səviyyədə təşkili üçün veb-qrupların yaradılması, treninqlərin keçirilməsinin zəruriliyini qeyd edib.

 

İnstitut direktoru saytlarda yerləşdirilən materialların müxtəlif dillərdə təqdimi məsələsinə də toxunub. AMEA-nın elmi müəssisə və təşkilatlarının əksəriyyətinin veb-saytının 3 dildə fəaliyyət göstərməsinin müsbət göstərici olduğunu vurğulayıb. “Saytların müxtəlif dillərdə olması informasiyanın, əsasən də Azərbaycan elmində əldə olunan nailiyyətlərin geniş oxucu kütləsinə, dünya ictimaiyyətinə çatdırılması baxımından daha məqsədəuyğundur”.  

 

R.Əliquliyev AMEA-nın www.science.gov.az rəsmi veb-portalının fəaliyyəti və idarə olunması sahəsində əldə olunmuş səmərəli təcrübəni nümunə gətirərək, elmi müəssisə və təşkilatlara bu təcrübədən yararlanmağı tövsiyə edib.  

 

Qeyd edək ki, AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytlarının monitorinqinin nəticələrinə əsasən hər bir təşkilat üçün xüsusi arayış hazırlanıb.  Arayışlarda veb-saytın müvafiq tələblərə uyğunluğu göstərilib, aşkar olunan nöqsanlar qeyd olunub.

 

Xatırladaq ki, AMEA Rəyasət Heyəti 15 iyul 2015-ci il tarixdə “AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytlarının monitorinqi haqqında” qərar qəbul etmişdir. Qərarın icrası AMEA İnformasiya Texnologiyaları İnstitutuna tapşırılmışdır. Monitorinqin aparılması üçün institut tərəfindən “AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytlarının yaradılması və idarə edilməsinə dair tələblər” hazırlanmışdır. Sənəd AR Nazirlər Kabinetinin 4 sentyabr 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılması və idarə edilməsinə dair Tələblər” əsasında işlənilmişdir.

 

İclasda AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytlarının yaradılması və idarə olunması ilə bağlı Qərar qəbul edilib. Qərara görə, AMEA üzrə veb-saytların monitorinqi müntəzəm olaraq aparılacaq. Bundan əlavə, sənəddə elmi müəssisə üzrə dissertasiya işlərinin müdafiəsi haqqında məlumatların və avtoreferatların elektron versiyalarının mütəmadi olaraq veb-saytlarda yerləşdirilməsi, “İnnovasiya” bölməsinin yaradılması, elmi müəssisə üzrə Elmi Şuranın iclasları, elmi seminarlar, görüşlər, əməkdaşların elmi əsərləri haqqında məlumatların müntəzəm olaraq veb-saytların “Xəbərlər” bölməsində yerləşdirilməsinin təşkili kimi məsələlər də yer alıb. Saytların yaradılması və istismarı ilə bağlı işlərə elmi-metodiki rəhbərliyin həyata keçirilməsi, fəaliyyətinin yüksək səviyyədə təşkili üçün veb-qrupların yaradılması, treninqlərin keçirilməsi AMEA İnformasiya Texnologiyaları İnstitutuna həvalə olunub.

 

Qərarda həmçinin Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurası və elmin istiqamətləri üzrə Problem şuralarının, AMEA-nın Elmi Bölmələrinin, o cümlədən AMEA-nın “Elm TV” İnternet-televiziyasının veb-saytlarının yaradılması da nəzərdə tutulub.

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2020